Əkrəm Həsənov: “... kreditin həcmini azaltmaqda məqsədi milli valyutanın dayanıqlığını təmin etməkdir”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycan Mərkəzi Bankının banklara verdiyi kreditlərin həcmi 10 dəfə azalıb. Bu barədə Mərkəzi Bankın 2017-ci ilə dair audit hesabatında deyilir. Hesabat dövrünün əvvəlində bu portfel 4 mlrd. 61,36 mln. manat təşkil etdiyi halda, ilin sonuna bu rəqəm 10,13 dəfə azalaraq 400,87 mln. manat təşkil edib.
Mərkəzi Bankın banklara verdiyi kreditin həcminin nə səbəbdən azalmasını öyrənmək məqsədilə mütəxəssisə müraciət etdik.
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditin həcmini azaltmaqda məqsədi milli valyutanın dayanıqlığını təmin etməkdir: “Bəllidir ki, Mərkəzi Bank kommersiya banklarına kredit verir. Kommersiya bankları da, öz növbəsində, həmin pulla sahibkarlara, vətəndaşlara kredit verirlər. Haqqında danışdığımız pul kütləsi artdıqca, həm inflyasiya, həm də devalvasiya təhlükəsi artır. Bunların qarşısını almaq üçün Mərkəzi Bank çıxış yolu kimi banklara verilən kreditin həcmini azaltdı. Dövriyyədəki manatın həcminin azalmaması üçün Mərkəzi Bank bu üsuldan istifadə etdi”.
Həmsöhbətimiz hesab edir ki, dövriyyədə pul kütləsini azaltdıqda ölkənin iqtisadi aktivliyi aşağı düşür: “Zənnimcə, yaxın müddət ərzində iqtisadi aktivlik artacaq. Bəllidir ki, ötən il Mərkəzi Bankın uçot dərəcəsi 15 faizə çatıb. Bu səbəbdən kreditin verilişinin artımı gözlənir”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bank kommersiya banklarına verdiyi kreditin məbləğini bir neçə ildir azaldıb: “Qanunvericiliyə əsasən, vətəndaşlarla sahibkarlar banklarda vəsaitlərini həm milli, həm də xarici valyutada saxlaya bilərlər. Ancaq Mərkəzi Bank yalnız milli valyuta ilə kredit verə bilər”.
Ekspertin sözlərinə görə, kommersiya banklarına bir neçə mənbədən vəsait daxil olur: "Bəllidir ki, banklar yalnız öz vəsaitləri ilə fəaliyyət göstərmirlər. Əksinə, bankların pullarının xeyli hissəsi borc vəsaitidir. Məhz bu səbəbə görə bank kredit verərkən öz vəsaitini vermir. Kommersiya banklarının əsas mənbəyi əmanətlər və müştərilərin bank hesablarında olan digər pullardır”.
Günel CƏLİLOVA