İlqar Hüseynli: “Sözügedən dəmir yolu bununla bağlı çox böyük imkanlara malikdir”
Bakı-Tiflis-Qars dəmir yolu Türkiyə və Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında böyük rol oynayır. Bu fikirləri Özbəkistan Prezidenti Şövkət Mirzəyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bəyan edib. Onun fikrincə, ümumi dəyərlərə söykənən çoxtərəfli münasibətlərin yeni keyfiyyət səviyyəsinə qalxmağından məmnundurlar.
Danışıqlar zamanı yaxın illərdə ticarət həcminin beş milyard dollara çatdırılması üçün bütün imkanların olduğu qeyd edilib. Bu baxımdan əsas diqqət ticarət və iqtisadi əlaqələrin inkişafına yönəldilib. Tərəflər müxtəlif sahələrdə perspektivli əməkdaşlıq sahələri və təklif olunan layihələri açıqlayıblar.
Özbək tərəfi ölkənin Türkiyə bazarına yüngül, kimyəvi, metallurgiya, maşınqayırma, elektrik mühəndisliyi, dəri-ayaqqabı və kənd təsərrüfatı məhsullarının tədarükünün genişləndirilməsinə hazır olduğunu qeyd edib. Bunun üçün İstanbulda açılmış Özbəkistan-Türkiyə ticarət evinin vacib rol oynayacağı vurğulanıb.
Nəqliyyat əlaqələri və tranzit sahəsində əməkdaşlığın gücləndirilməsinə də xüsusi diqqət yetirilib. Bakı-Tiflis-Qars dəmir yolunun ticarətin intensivləşməsində əhəmiyyətli rola malik olduğu nəzərə çatdırılıb. Bu baxımdan tranzit tariflərinin daha da optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Məlumat üçün qeyd edək ki, 2017-ci ildə Özbəkistanla Türkiyə arasında ikitərəfli ticarət həcmi 30 faiz artaraq 1,5 milyard dollar təşkil edib. Bu ilin 4 ayında bu göstərici 20 faiz artıb.
Görünən odur ki, Bakı-Tiflis-Qars dəmir yolu Asiya ilə Avropanın birləşdirilməsində mühüm rol oynayır. O cümlədən, Orta Asiya ölkələrinin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin təmin olunmasında vacib rola malikdir.
Sözügedən məsələni dəyərləndirən ekspert İlqar Hüseynlinin fikrincə, BTQ türkdilli ölkələr arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından bundan sonra vacib rol oynayacaq: “Çünki tərəflər bəyan etdilər ki, BTQ fəaliyyətə başlayandan sonra Türkiyə ilə Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi artıb. Bunun bir müddət sonra daha da artacağı gözlənir. Çünki BTQ bununla bağlı çox böyük imkanlara malikdir. Nəzərə alsaq ki, Türkiyə ilə Özbəkistan arasında münasibətlər son illər məcraya düşüb, deməli, hələ bundan sonra BTQ-nin imkanlarından daha çox istifadə olunacaq. Digər tərəfdən, BTQ digər Orta Asiya ölkələrinin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin qurulmasında mühüm rol oynayacaq. Proseslər artıq bu istiqamətdə inkişaf edir. Çünki BTQ iqtisadi əhəmiyyətinə görə böyük layihədir. Bu layihə Şərqdən Qərbə yük və sərnişindaşıma imkanlarını daha da artırır. Eyni zamanda, bu daşımalara sərf olunan vaxtı və maliyyə sərfiyyatını xeyli azaldır. İlkin mərhələdə BTQ-nin buraxılış qabiliyyəti ildə 1 milyon sərnişin və 6,5 milyon ton yükə hesablanıb. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 milyon tona çatdırılacaq. Sərnişin sayı isə 2 milyon nəfər olacaq. Bakıdan Türkiyənin Qars şəhərinə qədər yolun müddəti 16 saat təşkil edir. Dəmir yolu vasitəsilə Azərbaycan, o cümlədən Orta Asiya ölkələri beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edirlər. Müşahidələr göstərir ki, BTQ türkdilli ölkələr arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynayır. Hesab edirəm ki, zaman keçdikcə, sözügedən dəmir yolu ölkələr arasında iqtisadi inteqrasiyaya da öz töhfəsini vermiş olacaq”.
Vidadi ORDAHALLI