Əli Əlirzayev: “Yeni qaydaya əsasən, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 gün ərzində mümkün olacaq”
Xəbər verildiyi kimi, "Azərişıq” abunəçinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı vahid tarif tətbiq edəcək. Bu barədə “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda bir neçə gün öncə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki , qanunda bu müddət 15 gün müəyyən edilib: "Cənab sədrin göstərişi var ki, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 günü keçməməlidir".
"Azərişıq" rəsmisi abunəçinin şəbəkəyə qoşulması ilə bağlı vahid tarifin olacağını qeyd edib: "Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Tezliklə abunəçilərin şəbəkəyə qoşulması üçün məsafədən asılı olmayaraq işlədiləcək hər kVt/saat elektrik enerjisinə görə vahid tariflər müəyyən ediləcək. Bu günə qədər tariflər çəkilən xəttin en kəsiyi, məsafədən asılı idi".
Məsafədən asılı olmayaraq abunəçinin elektrik enerjisinə qoşulması ilə bağlı vahid tarifin tətbiq olunmasını ekspertlər də müsbət qarşılayırlar.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vahid qiymətin tətbiq olunması bu sahədə güzəştə səbəb olacaq: “Vahid tarif tətbiq olunanda abunəçi məbləğin dəqiq hansı rəqəm olduğunu biləcək və onu ödəyəcək. Bəzən elektrik enerjisinə qoşulması uzun məsafə qət etdiyi üçün, abunəçi daha artıq məbləğ ödəməli olurdu. Belə olan halda, abunəçi daha çox vəsait sərf edirdi. Ancaq vahid tarifin tətbiq olunması ailələrin büdcəsinə müsbət təsir göstərəcək”.
İqtisadçı onu da vurğuladı ki, əvvəllər abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması daha uzun zaman ərzində mümkün olurdu. Ancaq artıq müddət qısaldılacaq. Belə ki, yeni qaydaya əsasən, abunəçinin elektrik enerjisi şəbəkəsinə qoşulması 3 gün ərzində mümkün olacaq. Bu isə insanların vaxt itkisinin qarşısını alacaq.
Həmsöhbətimiz hesab edir ki, abunəçinin elektrik enerjisinə qoşulması ilə bağlı vahid tarifin tətbiq olunması rəqabət mühitini artıracaq.
Günel CƏLİLOVA