Vüqar Bayramov: “Elektroenergetika sistemlərinin birləşdirilməsi hər üç ölkənin xeyrinədir”
Məlum olduğu kimi, Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi məsələsinin müzakirəsi məqsədilə üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib.
“Şimal-Cənub” enerji dəhlizinin yaradılması Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı və Tehran görüşlərində, eləcə də bu ilin mart ayında İran Prezidentinin ölkəmizə səfəri çərçivəsində müzakirə edilib və elektroenergetika sahəsində əməkdaşlığın çoxtərəfli formatda inkişaf etdirilməsi üçün müvafiq göstərişlər verilib. Eyni zamanda, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən elektrik enerjisinin ixrac bazarının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Görüşdə tərəflər bununla bağlı məsələləri müzakirə ediblər. Azərbaycan, İran və Rusiya elektroenergetika sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun yaradılması və digər məsələlərin razılaşdırılmasına dair müzakirələr aparılıb.
Hər tərəfdən 6 nəfərdən ibarət işçi qrupunun yaradılması və cari ilin iyun ayında Moskvada görüşün keçirilməsi, üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsinin texniki iqtisadi əsaslandırılmasının (TİƏ) texniki tapşırıqları, eləcə də TİƏ-nin birgə işlənməsi üzrə saziş layihəsinin hazırlanması razılaşdırılıb. Hər üç ölkənin enerji şirkətlərinin də iştirak etdiyi iclasın yekununda protokol imzalanıb.
Görünən odur ki, üç ölkənin elektroenergetika sistemlərinin birləşdirilməsi razılaşdırıldı. Sözügedən razılaşma region üçün mühüm əhəmiyyət kəsb edir. Bu, iqtisadi baxımdan yeni imkanlar yaradacaq. Maraqlıdır, bəs ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, sözügedən razılaşma hər üç ölkənin mənafeyinə uyğundur: “Ümumilikdə, elektrik sektorunda əməkdaşlıq, o cümlədən elektrik enerjisinin qarşılıqlı mübadiləsi Azərbaycan üçün prioritet məsələdir. Məsələ ondadır ki, Azərbaycan region və qonşu ölkələrə elektrik enerjisi ixrac etməkdə maraqlıdır. Bu istiqamətdə həm Türkiyə, həm də Gürcüstan, İran, Rusiya ilə də danışıqlar həyata keçirir. Bununla bağlı yeni anlaşma, praktiki olaraq, Azərbaycana imkan verəcək ki, ixrac potensialını genişləndirə bilsin. Hesab edirəm ki, ixrac imkanlarının genişləndirilməsi baxımından bu vacib əhəmiyyət kəsb edir. Əslində, elektrik enerjisinin ixracatı kifayət qədər rentabelli sahə hesab olunur. Nəticə etibarilə ölkənin bu istiqamətdə gəlir əldə etməsi üçün bir baza formalaşır. Yəni bu imkan verir ki, ölkələr qarşılıqlı olaraq elektrik enerjisini mübadilə edə bilsinlər, bundan gəlir əldə etsinlər və s. Digər tərəfdən, bu amil ölkələr arasında ticarət əlaqələrinin daha da genişləndirilməsinə əlavə stimul verəcək. Azərbaycan üçün bu yeni, eyni zamanda, vacib gəlir mənbələrindən biridir. Gələcəkdə güman olunur ki, gəlir mənbəsi stabil olaraq qalacaq. Yəni bunun stabil gəlir mənbəyinə çevrilmə ehtimalı böyükdür. Bütün bunlar, nəticə etibarilə, ölkənin valyuta gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Azərbaycanla yanaşı, digər tərəfdaş ölkələr də enerji mübadiləsindən qazanacaqlar. Deməyim odur ki, elektroenergetika sistemlərinin birləşdirilməsi hər üç ölkənin xeyrinədir”.
Vidadi ORDAHALLI