Aydın Hüseynov: “Azərbaycan və Türkiyə iqtisadi əlaqələrinin inkişaf etməsi qardaş ölkələri siyasi cəhətdən daha da gücləndirir”
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev seçkilərdən sonra ilk səfərini Türkiyəyə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında inkişaf edən iqtisadi münasibətlərdən söhbət açılıb. Mətbuat konfransında qeyd olunub ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan çox sərmayə qoyub.
Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır: “Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar yatırım qoyub. Yalnız qardaş ölkələr bu qədər böyük məbləğdə yatırım edər. Yaxın gələcəkdə TANAP və “Star” zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də getdikcə artacaq”.
Azərbaycanın Türkiyə iqtisadiyyatına, eynilə Türkiyənin Azərbaycana böyük səviyyədə iqtisadi yatırım etməsi bütün regionda rifah və sabitliyin qorunmasında necə rol oynayacaq?
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkələrin iqtisadi əlaqələri onların siyasi baxımdan bir platformada birləşməsi deməkdir: “Hər hansı bir ölkə digər bir ölkəyə investisiya qoyursa, o çalışır ki, həmin yerdə stabillik hökm sürsün”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri var: “Məlumdur ki, bu münasibətlərin tarixi kökləri var. Bununla yanaşı, Türkiyəyə ən çox investisiya yatıran ölkələrdən biri məhz Azərbaycandır. Eynilə Azərbaycan da Türkiyədə stabilliyin olmasını arzu edir. Analoji olaraq Türkiyə də Azərbaycanda sabitliyin olmasını arzu edir.
Onu da deyim ki, regionda stabilliyi pozan ölkə işğalçı Ermənistandır. Eləcə də Türkiyənin ətrafında Suriya və başqa problemləri var. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişaf etməsi qardaş ölkələri siyasi cəhətdən daha da gücləndirir”.
Millət vəkili hesab edir ki, ölkələrarası iqtisadi əlaqələrin inkişaf etməsi rifah və stabilliyin zəmanətidir: “Tam əminliklə deyə bilərəm ki, Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı investisiya qoyuluşu daha da genişlənəcək. Bu da regionda sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Çünki hər iki ölkənin iqtisadi gücü artır. İqtisadi güc siyasi nüfuz deməkdir”.
Günel CƏLİLOVA