Rasif Bağırov: “İcbari tibbi sığortadan imtina edən müəssisə və ya təşkilatların məsuliyyətə cəlb olunması müsbət haldır”
Azərbaycan Prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb. Dəyişikliyə əsasən, “Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradacaq.
Qeyd edək ki, “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 3 aprel tarixli Qanunun tətbiqi haqqında Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və qanundan irəli gələn digər məsələləri həll etməlidir.
İcbari tibbi sığortadan imtina edən şirkətlərin inzibati məsuliyyətə cəlb olunmasına münasibət bildirən
həkim-ekspert Rasif Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda bir çox müəssisə və təşkilat icbari tibbi sığorta müqaviləsi imzalayır: “Vətəndaş istəyindən asılı olmayaraq, müəssisələr onları icbari tibbi sığorta edir. Yaxşı olar ki, tibbi sığorta bütün əhaliyə şamil olunsun”.
Həmsöhbətimizin sözlərinə görə, bəzi sığorta şirkətləri tibbi sığortanı keyfiyyətli tətbiq etmirlər: “Problem ondan ibarətdir ki, sığorta təşkilatı bəzi hallarda həkimə bildirir ki, xəstənin bütün müayinələri deyil, bir neçəsi aparılsın. Belə olan halda, xəstəyə diaqnoz qoymaq mümkün olmur. Nəticədə problem yaranır. Bu istiqamətdə müəyyən irəliləyişlər olarsa, xəstələr üçün daha effektli olar”.
R.Bağırov onu da əlavə etdi ki, icbari tibbi sığortadan imtina edən müəssisə və ya təşkilatların məsuliyyətə cəlb olunması müsbət haldır. Bu hal tibbi sığortanın inkişafına səbəb ola bilər.
Günel CƏLİLOVA