Vüqar Bayramov: “Belə bir razılaşma imzalansa, bu imkan verəcək ki, ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi mümkün olsun”
Türkiyə Azərbaycanla perefensial (imtiyazlı) ticarət haqqında sazişin tezliklə imzalanmasına ümid edir. Bu sözləri Azərbaycan mətbuatına müsahibəsində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi deyib. Türkiyəli nazirin sözlərinə görə, 2017-ci ildə (Türkiyə tərəfinin məlumatına əsasən) Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi il ərzində 10 faiz artım göstərərək, 2.7 milyard dollar olub. Türkiyənin ölkəmizə ixracı 1,35 milyard dollar, Azərbaycandan idxal isə 1,34 milyard dollar təşkil edib.
“Bizim ticarət dövriyyəmiz balanslaşdırılıb. Ticarət əlaqələrimizi genişləndirə biləcəyimizə inanıram. Buna görə də Azərbaycanla güzəştli ticarət haqqında razılaşmaya və sazişin imzalanması üçün aparılan danışıqlara böyük əhəmiyyət veririk”, - deyə nazir bildirib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində iki ölkə preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu imzalamışdı.
Müqavilə Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə görə gömrük rüsumunun sıfır dərəcəsinin tətbiq olunmasını nəzərdə tutur. Ötən ilin oktyabr ayında Türkiyə Naxçıvan Muxtar Respublikasından gətirilən malları da gömrük rüsumundan azad edib. Ümumilikdə, siyahıda 43 adda məhsul (13 kənd təsərrüfatı məhsulu, 30 sənaye məhsulu) daxil edilib. Görünən odur ki, Türkiyə tərəfi imtiyazlı ticarət haqqında sazişin tezliklə imzalanmasında daha çox maraqlıdır.
Maraqlıdır, bəz ekspertlər belə bir sazişin imzalanmasına necə baxırlar? Bu, iki ölkənin ticarət əlaqələrinə nə verəcək və Azərbaycan bundan nə əldə edəcək?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, belə bir sazişin imzalanması iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Azərbaycan üçün Türkiyə ilə bütün əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyətə malikdir. Xüsusilə də ticarət əlaqələrinin genişləndirilməsi vacibdir. Bu kontekstdən Azərbaycan Türkiyə ilə təkcə siyasi deyil, eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Nəticə etibarilə iki ölkənin qarşılıqlı əlaqələri genişləndirməsi inkişafa stimul verəcək. Burada söhbət ikiqat vergidən azadolunma və eləcə də vergi dərəcələrinin uyğunlaşdırılması kimi məsələlərdən gedir. Düşünürəm ki, belə sazişin imzalanması ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından vacibdir. Belə bir razılaşma imzalansa, bu imkan verəcək ki, ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi mümkün olsun. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycan üçün qeyri-neft ixracında ikinci ən böyük ölkədir. Azərbaycan Türkiyə bazarına daha çox qeyri-neft məhsullarını ixrac etməkdə maraqlıdır. Nəticədə bu, Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə bazarına daha böyük həcmdə daxil olmasına və ölkəyə böyük valyutanın daxil olmasına imkan verir. O baxımdan, təbii ki, ölkələr arasında sözügedən anlaşmanın imzalanması nəticəsində Azərbaycanla Türkiyə arasında böyük ticarət dövriyyəsinin əldə olunmasına zəmin yaranacaq. Bu baxımdan hesab edirəm ki, Türkiyə Azərbaycanla perefensial ticarət haqqında saziş imzalasa, bundan hər iki dövlət qazanacaq. İmtiyazlı ticarət hansısa tərəfin ziyanına deyil”.
Vidadi ORDAHALLI