Pərviz Heydərov: “Əsas olan vaxt itkisi probleminin yaranmaması, eyni zamanda, rüsum və vergi tətbiqi mexanizmlərində qiymət artımına yol verilməməsidir”
Prezident İlham Əliyevin ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasında bir sıra idxal-ixrac əməliyyatları üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun hesab edilsin.
Qeyd edək ki, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər.
İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi üçün nə etməyin vacibliyini öyrənmək üçün İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərova müraciət etdik. O, "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, son illər ölkənin ixrac potensialından tam səmərəli istifadə olunması üçün hökumət tərəfindən bir sıra addımlar atılıb, müvafiq sənədlər imzalanıb. Beləliklə, bu sahədə xeyli nailiyyətlər əldə olunub: “İxrac potensialının tam səmərəli istifadə olunmasının əsas məqsədi ondan ibarətdir ki, ölkə iqtisadiyyatı bilavasitə qeyri-neft məhsullarının ixracatından gələn gəlirlər üzərində köklənsin. Makroiqtisadi dayanıqlıq qeyri-neft məhsullarının ixracı üzərində dayansın. Bu, eyni zamanda, idxal əməliyyatlarına da ciddi nəzarət olunması siyasətinin aparılmasını tələb edir. Elə məhsullar var ki, biz onu mütləq idxal etməliyik. Heç bir ölkə iqtisadiyyatı hər hansı bir məhsulu idxal etmədən keçinə bilməz. İnkişaf etməkdə olan ölkələrdə də idxal mütləq olmalıdır. Əsasən zəruri qida məhsullarının idxalı məhdud xarakter daşımalıdır. Daxili bazar idxaldan asılı olmamalıdır”.
Həmsöhbətimiz hesab edir ki, idxal-ixrac əməliyyatlarına nəzarətin səmərəliliyində əsas prinsiplərdən biri prosedur qaydalarının olduqca sadə olmasıdır. Əsas olan vaxt itkisi probleminin yaranmaması, eyni zamanda, rüsum və vergi tətbiqi mexanizmlərində qiymət artımına yol verilməməsidir.
Günel CƏLİLOVA