Əli Əlirzayev: “Regionlarda işləməyən vətəndaşların öz bizneslərini qurmasına yardım göstərilməsi işsiz şəxslərin sayına təsir göstərir”
Açıqlanan statistik rəqəmlərə əsasən, ölkədə işsizlərin sayı azalıb. 2018-ci il aprelin 1-nə olan göstəriciyə əsasən, ölkədə 37,3 min işsiz qeydə alınıb. Qeyd edək ki, bunların 36,6 faizi qadındır.
Azərbaycan Dövlət Statiska Komitəsinin yaydığı hesabatda bildirilir ki, əvvəlki ayla müqayisədə ölkədə işsizlərin sayı 1,1 faiz azalıb.
Qeyd edək ki, Azərbaycanda işsizlik üzrə müavinətin orta aylıq məbləği hesabat dövrü üçün 360 manat təşkil edib ki, bu da 2017-ci ilin fevral ayı üzrə olan göstəricilərlə müqayisədə 0,4 faiz azdır.
İqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işsizliyin səviyyəsinin azalması son zamanlar ölkədə yeni iş yerlərinin açılması ilə bağlıdır: “Bəllidir ki, son illər bir sıra sahələr üzrə yeni iş yerləri açılır. Əsasən, qeyri-neft sektoru sahəsində iş yerləri istifadəyə verilir. Turizm obyektləri, tikiş fabrikləri, aqrar sahənin inkişafı istiqamətində yeni obyektlərin istifadəyə verilməsi işsizlərin sayına təsir edib. Məlumat üçün bildirim ki, yeni iş yerləri paytaxt Bakı ilə yanaşı, regionlarda da əhalinin istifadəsinə verilib. Beləliklə, bölgələrdə yaşayanlar artıq işsizlik problemi ilə üzləşmirlər. Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı sayəsində bölgələrdə yaşayan xanımlar işlə təmin olunublar”.
Həmsöhbətimiz onu da bildirdi ki, özünüməşğulluğun təmin edilməsi ilə bağlı proqram həyata keçirilir. Proqrama əsasən, xüsusən də regionlarda işləməyən vətəndaşların öz bizneslərini qurmasına yardım göstərilir: “Görülən işlər sayəsində Azərbaycanda işsizlərin sayı nisbətən də olsa azalır. Onu da nəzərə almaq lazımdır ki, işsizliyin aradan qaldırılması zaman alan bir məsələdir və bunun mərhələli şəkildə həyata keçirilməsi lazımdır. Qarşıdakı illərdə işsizlərin sayı minimuma enəcək”.
Günel CƏLİLOVA