Fikrət Yusifov: “Bütün bunlar onu göstərir ki, ölkənin gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaq”
“Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub”. Bunu Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib. Prezident qeyd edib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir: “Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik”.
Dövlət başçısı onu da nəzərə çatdırıb ki, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik: “Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra “Cənub Qaz Dəhlizi” tam istifadəyə veriləcək”.
Görünən odur ki, kontraktın müddətinin uzadılması ilə bağlı razılıq əldə ediləndən sonra artıq layihə işləməyə başlayıb. Çünki bununla bağlı bonusun alınması layihənin işləməsi deməkdir. O baxımdan ekspertlər bunu necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının potensial imkanları müqavilənin vaxtı başa çatdıqdan sonra da kifayət qədər böyük olaraq qalacaq: “Məhz bu reallıq imkan verdi ki, onların birgə istismar müddəti yenidən uzadılsın. Tərəflər arasında belə bir razılıq o halda əldə oluna bilərdi ki, müqavilənin yeni şərtləri hər bir tərəfi qane etsin. Müqavilənin imzalandığı ötən 23 ildən çox dövr ərzində dünyanın siyasi və iqtisadi müstəvisində Azərbaycanın rolu və çəkisi müqayisə edilməyəcək bir səviyyədə artıb və bu da ona kontraktın yeni layihəsində öz şərtlərini diktə etməyə əsas verdi. Təbii ki, bu şərtlər indi əvvəlkindən daha sərfəlidir. “Əsrin müqaviləsi” imzalanan dönəmlərdə ölkə iqtisadiyyatı dağınıq halda, ictimai-siyasi durum qeyri-sabit bir vəziyyətdə idi. Belə bir şəraitdə biz bu nəhəng kontraktın imzalanmasına nail olmalı idik və ulu öndərin uzaqgörən siyasəti sayəsində buna müvəffəq olduq. Bütün investisiyaların xarici şirkətlər tərəfindən qoyulmasına nail olduqdan sonra mənfəət neftinin 75 faizinin Azərbaycana çatması şərtinin tərəf müqabillərə qəbul etdirilməsi o dövr üçün çox böyük uğur idi. Ötən il imzalanan kontraktla “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi vaxtı 2050-ci ilə qədər uzadılır. Yeni kontraktın şərtləri Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bu da xarici kompaniyalarla əvvəl imzalanmış “Əsrin layihəsi” üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən, yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaq. 23 il ərzində kontraktın icrası “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilməsinə imkan verdi, bu, proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var və ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması şərtləri içərisində qarşı tərəfin Azərbaycan hökumətinə artıq ödəməyə başladığı 3,6 milyard dollar bonus ölkəmizin valyuta ehtiyatlarının artırılmasına töhfə olacaq. Nəzərə almaq lazımdır ki, bu, Ermənistanın birillik büdcəsinə yaxın bir məbləğdir”.
Vidadi ORDAHALLI