Vüqar Bayramov: “Türkiyə-Azərbaycan ticarət hesablaşmaları milli valyuta ilə aparılsa belə, bu proses xarici valyutaya tələbin azalmasına gətirib çıxarmayacaq”
Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazır olduğunu bəyan edib. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci “Trend”ə müsahibəsində qeyd edib ki, Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçid üçün maneə görmür.
N.Zeybekci bildirib: "Təəssüf ki, biz valyuta məzənnələrinin oynamasının iqtisadiyyatlarımız üçün göstərdiyi mənfi təsiri artıq görmüşük. Biz hesab edirik ki, valyuta məzənnələrinin oynamasının bizim ölkələrin iqtisadiyyatına vura biləcəyi zərərdən yayınmaq üçün ticarət hesablaşmalarında Türkiyə lirəsi və Azərbaycan manatından istifadə ən səmərəli üsuldur".
Nazirin fikrincə, müvafiq razılaşma hesablaşmalarda milli valyutaya keçid prosesini sürətləndirə bilər.
Maraqlıdır, qeyd olunan ölkə ilə ticarət hesablaşmalarında milli valyutaya keçidə Azərbaycan tərəfi hazırdırmı?
İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Türkiyə tərəfi uzun müddətdir, Azərbaycan daxil olmaqla, qonşu ölkələrlə xarici ticarət əlaqələrinin milli valyuta ilə aparılmasını istəyir: “Türkiyə əsasən Azərbaycan, İran və Rusiya ilə ticarət hesablaşmalarını milli valyuta ilə aparılmasını təklif edir. Məlumat üçün bildirim ki, artıq 4 ilə yaxındır bu mövzu ilə bağlı müzakirə aparılır. Hesab edirəm ki, Türkiyə-Azərbaycan ticarət hesablaşmalarının milli valyuta ilə aparılması prosesi, qeyd olunduğu kimi, asan deyil. Hesablaşmaların milli valyuta ilə aparılmasında əsas məqsəd xarici valyutaya tələbin azalmasına nail olmaqdır. Ancaq problem ondan ibarətdir ki, milli valyutaların birbaşa məzənnəsi müəyyənləşmir. Onu da qeyd etmək lazımdır ki, kommersiya üçün dollara ehtiyac yaranır. Bu səbəbdən hesab edirəm ki, milli valyuta ilə ticarət əlaqələri aparılsa belə, xarici valyutaya tələbin azalmasına gətirib çıxarmayacaq. Hazırkı şəraitdə ticarət əlaqələrinin dollarla aparılması daha məqsədəuyğundur. Çünki ölkənin valyuta ehtiyacları daha çox ixrac hesabına düzəlir. Etiraf etmək lazımdır ki, ölkənin dövlət rezervlərinin artım tempi 2018-ci ilin birinci rübündə də qeydə alınıb. İxracın dollarla həyata keçirilməsini nəzərə salsaq, Azərbaycan tərəfinin, Türkiyə daxil olmaqla, strateji tərəfdaşlarla ticarət əməliyyatlarını yalnız dollarla həyata keçirməsi daha məqbuldur. Hazırkı şəraitdə xarici valyuta ilə ticarət əməliyyatları aparılmalıdır”.
Günel CƏLİLOVA