Əli Əlirzayev: “Qeyri-neft sektorunun inkişafı istiqamətində seçilən prioritet sahələrdən biri də turizmdir”
Məlumatlara görə, yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2869,2 milyon manat vəsaitin 1456,2 milyon manatı və ya 50,8 faizi qeyri-neft sektoruna qoyulub. Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ümumi sərmayənin 74,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 75,8 faizi məhsul istehsalı obyektlərinin, 18,2 faizi xidmət sahələri üzrə obyektlərin, 6,0 faizi isə ümumi sahəsi 383,2 min kvadratmetr olan yaşayış binalarının tikintisinin payına düşüb.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 19,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,6 faiz, digər vəsaitlər isə 0,5 faiz təşkil edib.
Cari ilin ilk rübündə qeyri-neft sektoruna yönəldilən vəsaitin artmasına münasibət bildirən iqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu il Azərbaycan üçün maliyyə ilidir: “Qarşıya qoyulan əsas hədəflərdən biri məhz qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunda əsas kənd təsərrüfatı sahəsinin inkişafı önəmli rol oynayır. Son illər kənd təsərrüfatı üzrə emal müəssisələrinin sayında artım qeydə alınır. Həmçinin, pambıqçılıq sahəsində də inkişaf yaşanır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ilin əvvəli olmasına baxmayaraq, qeyri-neft sektoruna qoyulan kapitalın həcminin artması sevindiricidir: “Nəzərə almaq lazımdır ki, aqrar sektor investisiyayönümlü sahədir. Hesab edirəm ki, ilin sonuna kimi aqrar sektora yatırılan vəsaitin həcmi daha da artacaq”.
Ə.Əlirzayevin sözlərinə görə, turizm sahəsinə yatırılan investisiyanın həcmində də artım yaşanır: “Bəllidir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində seçilən prioritet sahələrdən biri də turizmdir. Bu sektora yatırılan kapitalın həcmi ildən-ilə artır”.
İqtisadçı onu da əlavə etdi ki, sosial məsələlərin həllində də artım qeydə alınır. İstənilən sahədə çalışan işçilərin əməkhaqqı artıb.
Günel CƏLİLOVA