Pərviz Heydərov: “Bölgələrdə müasir texnologiyaya malik emaledici müəssisələr yaradılıb, ancaq təəssüflər olsun ki, həmin müəssisələrin bir qismi kənd təsərrüfatı istehsalçıları ilə əlaqəli işləmir”
Davamlı inkişaf, əhalinin məşğulluğunun yaxşılaşdırılması, ölkənin ixrac qabiliyyətinin yüksək səviyyədə saxlanılması, elmin inkişaf etdirilməsi, daxili bazarda gündəlik istehlak mallarının qiymətinin münasib olması və s. məqsədlər baxımından sənayenin inkişafı vacibdir.
Sənayenin inkişafından danışanda onun əsas qolu olan emal sənayesinin inkişaf etdirilməsinin əhəmiyyəti olduqca böyükdür. Bu mənada, sənayenin inkişafı dedikdə daha çox emal sənayesinin tərəqqisi başa düşülür.
Qeyd edək ki, emal sənayesi kənd təsərrüfatından və mədənçilikdən əldə edilən məhsulların işləndiyi, bu məhsulların müxtəlif sahələrdə istifadəyə hazır vəziyyətə gətirildiyi sahədir.
Məlumat üçün bildirək ki, son illər emal sənayesinin inkişafı istiqamətində müyyən işlər görülüb. Bu istiqamətdə görülən işlər artıq öz nəticəsini büruzə verir. Açıqlanan statistik rəqəmlərə əsasən, yanvar-mart aylarında Azərbaycanda sənaye məhsulunun 21,3 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, mebel istehsalı 96,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 85,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 53,2 faiz artıb.
Ekspertlər son üç ay ərzində emal sənayesində istehsal həcminin artmasının gözlənilən olduğunu düşünürlər.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, emal sahəsinin yüngül sənaye sektorunda qeydə alınan inkişaf sevindiricidir: “Yüngül sənayedə emaledici sahənin inkişafının ölkənin ixrac potensialının genişləndirilməsinə xidmət etməsini istəyirik. Bunun üçün kənd təsərrüfatı sahəsində xammal məhsullarının inkişafına diqqət yetirmək lazımdır. Bu olduqca mühüm şərtdir. Çünki bizim bu sahəni inkişaf etdirmək üçün kifayət qədər potensialımız var”.
Həmsöhbətimizin sözlərinə görə, bölgələrdə müasir texnologiyaya malik emaledici müəssisələr yaradılıb: “Təəssüflər olsun ki, həmin müəssisələrin bir qismi kənd təsərrüfatı istehsalçıları ilə əlaqəli işləmir. Bu gün satışda müxtəlif növ konserv məhsulları görürük. Bu tip məhsulların satışda olması yaxşıdır. Ancaq, eyni zamanda, yerlərdə kənd təsərrüfatı istehsalçılarının məhsullarının bəzən onların əllərində qaldığının şahidi oluruq. Bu səbəbdən də emaledici müəssisələr və aqrar məhsulların istehsalı ilə məşğul olanlar qarşılıqlı əlaqədə olmalıdırlar. Həmçinin, bu sahədə məhsul artımının əldə olunmasına nail olmalıyıq”.
Günel CƏLİLOVA