Rəsul Cahangirli: “Ümumilikdə, dinamik artım tempi iqtisadiyyatın bütün sahələrində özünü göstərir”
Asiya İnkişaf Bankı Azərbaycanda illik inflyasiyanın kəskin azalmasını proqnozlaşdırır. Bu barədə fikirlər AİB-in hesabatında öz əksini tapıb. Hesabatda bildirilir ki, 2018-ci ildə inflyasiya yeddi faiz, 2019-cu ildə 8 faiz səviyyəsində olacaq. AİB-in inflyasiya proqnozları bu il Mərkəzi Bankın proqnozları ilə müqayisədə təxminən eynidır.
Mərkəzi Bankın proqnozuna görə, bu il ölkədə inflyasiyanın səviyyəsi 6-8 faiz olacaq. Məlumat üçün qeyd edək ki, 2018-ci ilin birinci rübündə Azərbaycanda inflyasiya dörd faiz təşkil edib. 2017-ci ildə isə ölkədə inflyasiya 12,9 faiz təşkil edib.
AİB-in hesabatında qeyd olunur ki, inflyasiyaya qarşı mübarizə hökumət üçün uyğun bir pul və maliyyə siyasətini tələb edən problem olaraq qalır. Ona görə də aparılan pul siyasəti yaxın 2 ildə dəyişməyəcək. Hesabatın müəllifləri qeyd edirlər ki, yüksək gəlirlər və sabit bir valyuta sayəsində növbəti iki ildə ölkədə istehlak artacaq: “Bundan əlavə, hökumət xərclərinin daha yüksək həcmində investisiyaların artımını stimullaşdırır, xüsusilə də infrastrukturda və ölkədə mənzil tələblərinə cavab verəcək”.
Qeyd olunduğu kimi, fiskal siyasət iqtisadi artımı dəstəkləyəcək və Azərbaycan Dövlət Neft Fondunun köçürmələri dövlət investisiyalarının həcmini artırmağa kömək edəcək. Bu köçürmələri nəzərə alaraq, 2018-ci ildə mərkəzləşdirilmiş büdcə kəsiri 1,5 faiz, 2019-cu ildə isə 0,8 faiz ola bilər. AİB, həmçinin, hesab edir ki, Azərbaycanın cari hesabları artıq 2018-ci ildə ÜDM-in 6,9 faizinə, 2019-cu ildə isə 6,2 faizinədək artacaq.
Görünən odur ki, dünyanın aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin fikirdədirlər. Bu baxımdan AİB-in Azərbaycanda inflyasiyanın azalacağı ilə bağlı proqnozlarını ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Azərbaycanda inflyasiyanın azalacağı ilə bağlı səslənən proqnozlar reallığı əks etdirir: “Bunu şərtləndirən bir sıra vacib faktorlar var. Başlıca faktor ondan ibarətdir ki, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Digər tərəfdən, 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunları göstərdi ki, Azərbaycan iqtisadiyyatı artıq sürətli inkişaf dövrünə qədəm qoyub. Bunu iqtisadiyyatın bir sıra sahələrində qeydə alınan artımlar da sübut edir. Belə ki, birinci rübdə, ümumilikdə, iqtisadiyyatın 2,3 faiz artması, qeyri-neft sektorunun 3 faiz, qeyri-neft sənayesinin 10 faiz artması, iqtisadiyyata 3.5 milyard dollar investisiya qoyulması nikbin olmağa tam əsas verir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı aparılan sistemli işlər sayəsində böyüməkdədir. Sözügedən artımlar dayanıqlı və davamlı xarakterlidir. Bunu dünyanın aparıcı bankları da görür və qəbul edirlər. Ölkə iqtisadiyyatında yaranan əlverişli vəziyyət nikbin proqnozlar verməyə əsas verir. Nəzərə almaq lazımdır ki, strateji valyuta ehtiyatlarının durmadan artması ölkəni iqtisadi təlatümlərdən qorumaq üçün daha əlverişli şərait yaradır. Regionlarda yeni müəssisələrin açılması məşğulluğun səviyyəsini artırır və yeni iş yerlərinin yaranmasına təkan verir. Ümumilikdə, dinamik artım tempi iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Bütün bunlar da, öz növbəsində, bir sıra məhsullara olan tələbatın daxili istehsal hesabına təmin olunmasına şərait yaradır. O baxımdan, Azərbaycanda inflyasiyanın azalacağı ilə bağlı proqnozlar reallığa əsaslanır”.
Vidadi ORDAHALLI