Fikrət Yusifov: “Xalq bunun belə olduğunu yaxşı bildiyindən, öz səsini məhz İlham Əliyevə verdi”
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. 11 aprel seçkilərində İlham Əliyevin möhtəşəm qələbəsi bir daha Azərbaycan xalqının yekdilliklə onu dəstəklədiyini göstərdi. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni Prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir.
Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmətə malikdir. Həmçinin, onun uğurlu fəaliyyəti ona böyük nüfuz qazandırıb. O, yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezidentin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Bütün bunlarla yanaşı, İlham Əliyev Azərbaycanın iqtisadi inkişafında müstəsna xidmətlər göstərib. Bu baxımdan onun növbəti dəfə prezident seçilməsi Azərbaycanın iqtisadi inkişafının sürətlənməsində necə rol oynayacaq?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, iqtisadi inkişaf daha da sürətlənəcək: “2004-cü ildən Azərbaycan iqtisadiyyatının sürətli inkişaf yolu, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində reallaşdırılan nəhəng infrastruktur layihələri, regionda reallaşdırılan transmilli layihələr Prezident İlham Əliyevin bilavasitə müəllifliyi ilə baş tutub. Bu layihələrin uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı baş tutdu. Bütün bu işlər bilavasitə onun rəhbərliyi altında mümkün ola bildi. Ona görə də Azərbaycan iqtisadiyyatının bundan sonrakı uğurları məhz Prezident İlham Əliyevin rəhbərliyi altında mümkün ola bilərdi. Xalq bunun belə olduğunu yaxşı bildiyindən, öz səsini məhz İlham Əliyevə verdi. O başladığı proqram xarakterli islahatları növbəti 7 ildə də uğurla davam etdirəcək. Bunun üçün İlham Əliyevin kifayət qədər təcrübəsi, qətiyyəti və siyasi iradəsi var. Heç şübhə etmirəm ki, yaxın 7 ildə Azərbaycan çox uğurlara imza atacaq. Cari ildə Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Postneft dövrü elan edilən vaxtdan - yəni 2015-ci ilin sonlarından bu günə qədər düşünülmüş proqramlar çərçivəsində real sektorun bütün sahələrində ciddi uğurlar qazanmağa hesablanmış mühüm addımlar atılır. Bu uğurların parametrlərini əyani şəkildə nümayiş etdirən iki göstəriciyə nəzər salmaq kifayətdir. Ötən ilin yekunları üzrə ölkə iqtisadiyyatının qeyri-neft sektorundan ixracın həcmi 36,1 faiz artmış, cari ilin iki ayı ərzində isə qeyri-neft sənayesində 8,4 faiz artım qeydə alınıb”.
Vidadi ORDAHALLI