Azərbaycan Beynəlxalq Energetika Xartiyasına qoşulacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi üzrə konfransın yekunları ilə bağlı keçirilən brifinqdə deyib.
Xartiyaya qoşulmaq haqqında müvafiq məktub enerji səmərəliliyi üzrə konfransda Beynəlxalq Energetika Xartiyasının baş katibi Urban Rusnaka təqdim olunub.
P.Şahbazov qeyd edib ki, Azərbaycan 1998-ci ildən Beynəlxalq Energetika Xartiyasının iştirakçısı olub: "2015-ci ilin mayında Beynəlxalq Energetika Xartiyası beynəlxalq status alıb. Azərbaycan Xartiyaya qoşulmaq haqqında qərar qəbul edib və müvafiq məktub cənab Rusnaka təqdim olunub".
Nazir konfransda müzakirə olunan enerjidən səmərəli istifadə haqqında qanun layihəsinin, eləcə də bu sənədin gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb: "Qanun layihəsi təsdiq olunandan sonra ekspert və müvafiq dövlət qurumları tərəfindən baxılacaq".
Pərviz Şahbazov deyib ki, Azərbaycan neft hasilatının məhdudlaşdırılması üzrə OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir. Nazir bildirib ki, OPEK+ çərçivəsində neft hasil edən ölkələrin əməkdaşlığı beynəlxalq bazarda neft qiymətlərinin uğurla nizamlanmasına gətirib çıxardı: “Buna əsaslanaraq OPEK-in üzv ölkələri, eləcə də sazişə qoşulan ölkələr bu saziş çərçivəsində əməkdaşlığı davam etdirməyin vacibliyi məsələsində razılaşır”.
Onun sözlərinə görə, iyun ayında OPEK+ sazişinin üzv ölkələrinin nazirlər səviyyəsində növbəti görüşü keçiriləcək: “Ümid edirəm ki, bu görüşdə də hər kəs üçün faydalı qərarlar qəbul edilıəcək”.
P.Şahbazov vurğulayıb ki, OPEK+ sazişində söhbət neft hasilatının daha da azaldılmasından deyil, hasilat səviyyəsinin indiki səviyyədə qalmasından gedir.