Əkrəm Həsənov: “Yeni yaradılan Kredit İttifaqı Cocuq Mərcanlı adı ilə fəaliyyət göstərəcək və hüquqi ünvan Biləsuvar rayonu olacaq” Pərviz Heydərov: “Cocuq Mərcanlı Kredit İttifaqı”nın yaradılması yenicə məskunlaşmış əhalinin gələcəkdə sosial-iqtisadi vəziyyətinin təmini istiqamətində atılan addımlardan biri olmalıdır”
Azərbaycanda müxtəlif adlarla kredit ittifaqları fəaliyyət göstərir. Bu günlərdə isə “Cocuq Mərcanlı Kredit İttifaqı” MMC yaradılıb. “Vergilər” qəzetinin yaydığı məlumatda qeyd olunur ki, şirkətin nizamnamə kapitalı 200 min manatdır.
Məlumat üçün bildirək ki, MMC-nin hüquqi ünvanı Biləsuvar rayonu, 4-cü Qəsəbə (Cəbrayıl), ev 287-də yerləşir. Onu da qeyd edək ki, şirkətin qanuni təmsilçisi Qədir Quliyevdir. MMC bu ilin 24 yanvar tarixində dövlət qeydiyyatına alınıb.
Cocuq Mərcanlı adı ilə Kredit İttifaqının yaradılmasına münasibət bildirən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün müxtəlif adlarla kredit ittifaqları fəaliyyət göstərir: “Yeni yaranan Kredit İttifaqının Cocuq Mərcanlı adı ilə fəaliyyət göstərməsi, bir növ, mənəvi xarakter daşıyır. Əksər hallarda yaradılan kredit ittifaqları hansısa ərazinin adını daşıyır”.
Həmsöhbətimizin sözlərinə görə, kredit ittifaqlarının mahiyyəti əsasən vətəndaşların birləşərək topladıqları vəsaiti bir-birlərinə kredit vermələridir: “Yeni yaradılan Kredit İttifaqı Cocuq Mərcanlı adı ilə fəaliyyət göstərəcək və hüquqi ünvan Biləsuvar rayonu olacaq. Bu o demək deyil ki, “Cocuq Mərcanlı Kredit İttifaqı” yalnız hüquqi ünvan hansı ərazi göstərilibsə, oranı əhatə edəcək. Məsələn, Kredit İttifaqının adı “Bakı”dır, ancaq bu adla həmin ittifaq Naxçıvanda da fəaliyyət göstərə bilər.
Maliyyə məsələləri üzrə ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında qeyd etdi ki, Cocuq Mərcanlının düşmən işğalından azad olunması 20 il öncə həmin ərazini tərk etmiş əhalinin yenidən orada məskunlaşması ilə nəticələnib: “Bu ərazidə dövlət tərəfindən müvafiq infrastruktur, yaşayış evləri hazır olandan sonra məskunlaşma prosesi başa çatdı. Bundan sonra əhalinin sosial və digər problemlərinin həlli məsələsi gündəmə gəldi. Əhalinin iqtisadi problemlərinin həlli istiqamətində istənilən iqtisadi təşəbbüs alqışlanmalıdır. O cümlədən, Kredit İttifaqının yaradılması müsbət haldır. “Cocuq Mərcanlı Kredit İttifaqı”nın yaradılması yenicə məskunlaşmış əhalinin gələcəkdə sosial-iqtisadi vəziyyətinin təmini istiqamətində atılan addımlardan biri olmalıdır”.
Günel CƏLİLOVA