Fikrət Yusifov: “Sənaye məhəllələrinin yaradılması yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunda məhsul istehsalı həcminin artmasına səbəb olacaq”
"Azərbaycanda yeni sənaye məhəllələrinin yaradılması ilə bağlı hazırda araşdırmalar aparılır". Bunu ötən gün Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf AİŞ-in 2017-ci ilin fəaliyyət nəticələri ilə bağlı keçirilən təqdimatda bildirib.
O qeyd edib ki, bütün rayonlarda investorlarla danışıqlar, təhlillər aparılır: "Bizim fikrimiz bütün rayonlarda sənaye məhəllələrinin yaradılmasıdır. Bütün rayonlar nəzərdən keçirilir. Bu rayonların infrastruktur təminatı, mövcud investisiya layihələri baxımından qiymətləndirilməsi aparılır. Aparılan danışıqlar, araşdırmadan və qiymətləndirilmələrdən sonra ictimaiyyətə yeni rayonların adları açıqlanacaq".
Qeyd edək ki, bu il Sabirabad, Masallı və Hacıqabul sənaye məhəllələrinin fəaliyyətə başlaması gözlənir.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanda 4 sənaye məhəlləsi, 5 sənaye parkı fəaliyyət göstərir.
Maraqlıdır, ölkənin hər bir bölgəsində sənaye məhəllələri yaratmaq mümkündürmü?
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, bölgələrdə sənaye məhəllələrinin yaradılması gündəmə gələrkən bunun bütün ölkəni əhatə etməsi nəzərdə tutulmuşdu: “İlk olaraq bir neçə bölgədə sənaye məhəlləsi yaradıldı. Bu il ərzində də bəzi ərazilərdə sənaye məhəlləsi yaradılacaq. Yaxın illər ərzində ölkənin hər bir bölgəsində sənaye məhəlləsinin yaradılması realdır. Sənaye məhəllələrinin yaradılması yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunda məhsul istehsalı həcminin artmasına səbəb olacaq. Eyni zamanda, bunun ölkənin real sektorunun inkişafının təmin olunmasında xüsusi rolu olacaq”.
Həmsöhbətimiz hesab edir ki, gələcəkdə bütün bölgələrdə sənaye məhəllələrinin yaradılması gözlənir. Sadəcə, bir az zamana ehtiyac var: “Yaxın illər ərzində bütün rayonlarda sənaye məhəllələrinin yaradılmasını gözləmək düzgün olmaz. İllər sonra bütün regionlarda sənaye məhəllələrinin yaradılmasının şahidi olacağıq”.
Günel CƏLİLOVA