Vüqar Bayramov: “Ancaq sadələşdirilmiş vergi subyektləri üçün auditin məcburi olması arzuolunan deyil, çünki bunun illik dövriyyəsi 200 min manatdan azdır”
“Azərbaycanda auditin məcburiliyinin sərtləşdirilməsinin vaxtı çatıb”. Bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") prezidenti və "Deloitte" audit şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov media nümayəndələrinə açıqlamasında deyib.
O qeyd edib ki, orta və iri sahibkarların maliyyə hesabatları açıq resursda olmalıdır ki, dövlət, tənzimləyici orqanlar və digər qurumlar rahatlıqla əldə edə bilsinlər: “Ümid edirəm ki, yaxın müddətdə bu sahədə dəyişiklik görəcəyik”. "Deloiite" rəsmisinin sözlərinə görə, auditdən keçən şirkətlərin sayı artsa da, hələ ki, bu sahədə vəziyyət qənaətbəxş deyil: “Son iki ildə hökumətin audit sahəsinə diqqəti artdığı üçün, auditdən keçənlərin sayında da artım müşahidə olunur. Əvvəllər tamamilə hesabatsız işləyən şirkətlər indi hesabatlılıq üçün bizə müraciət edirlər. Əvvəlki illərə baxanda artım olsa da, hələ ki, Azərbaycan üçün audit olunan şirkətlərin sayı yetərli deyil. Uçotu bərbad gündə olan, vergidən yayınan şirkətlər çoxdur. Lakin artıq bu şirkətlər başa düşürlər ki, müəyyən bir vaxt dövlətin diqqətindən kənarda qalıblarsa, indi əvvəlki kimi işləmək mümkün deyil, dəyişmək lazımdır. Bu da bizi sevindirir. Artım tempi yüksək olsa, daha yaxşı olar”.
Azərbaycanda auditin məcburiliyinin sərtləşdirilməsi fikrinə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, audit həm özəl, həm də dövlət sektorunda şəffaflığın gücləndirilməsi və vəsaitlərin xərclənməsinə nəzarətin artırılması baxımından vacibdir: “Azərbaycanda auditin gücləndirilməsi, dövlət və özəl sektor üçün auditin məcburi hala çevrilməsi düzgün qərar olar. Həmçinin, dövriyyəsindən asılı olaraq, məcburi olması məqsədəuyğundur”.
Həmsöhbətimiz onu da bildirdi ki, sadələşdirilmiş vergi subyektləri üçün auditin məcburi olması arzuolunan deyil. Çünki bunun illik dövriyyəsi 200 min manatdan azdır. Onlar audit xərclərini qarşılamaq imkanına malik olmurlar. Bir sıra hallarda, onların dövriyyəsi yüksək olmadığı üçün, audit subyekti olmaya bilərlər. Ancaq əlavə dəyər vergisi ödəyiciləri üçün auditin məcburiliyinin sərtləşdirilməsinin müsbət nəticəsi olar: “Bu, dövlət və özəl sektorunda çalışan iri şirkətlərin hər birini əhatə etməlidir. Belə olarsa, qeyd olunan sahədə şəffaflıq daha da güclənər”.
Günel CƏLİLOVA