Azər Allahverənov: “Hər hansı bir qəza hadisəsi baş verəndə dəyən ziyanı sığorta şirkəti ödəyəcək”
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkə arasında sıx iqtisadi-ticarət əlaqələri mövcuddur və bu get-gedə daha da inkişaf edir. İki ölkə müstəqillik əldə etdikdən və ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edirlər.
Qonşu respublikaları hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və TRASEKA kimi qlobal enerji, Bakı-Tiflis-Qars nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 17 faiz, ixrac isə 13 faiz artıb. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələr qurulub. İlbəil Azərbaycandan Gürcüstana gedən turistlərin sayı artır. Ümumən Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafında mühüm rol oynayır.
Bu arada məlum olub ki, mart ayının 1-dən etibarən Gürcüstana 15 gündən az olmayan müddətə avtonəqliyyat vasitəsi ilə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olunacaq. Qüvvəyə minən yeni qaydalara əsasən, sığortanı nəzarət-buraxılış məntəqələrində əldə etmək mümkündür. Sığorta paketinin qiyməti isə nəqliyyat vasitəsinin növündən və sığorta müddətindən asılıdır. Nəqliyyat vasitəsini 15, 30, 90 gün və 1 il müddətinə sığortalamaq mümkündür. 15 günlük sığorta paketinin qiyməti 3,5 tona qədər çəkisi olan minik avtomobili üçün 30 lari (12 dollar), yük maşını üçün isə 60 lari (24 dollar) təşkil edir.
Xarici vətəndaş Gürcüstan ərazisində nəqliyyat vasitəsini sığortasız idarə edərsə, motosikl, minik avtomobili, kənd təsərrüfatı texnikası üçün 100 lari, avtobus və yük maşınları üçün isə 200 lari məbləğində cərimələnəcək.
Maraqlıdıtr, sözügedən yeniliklər iki ölkə arasında olan gediş-gəlişə, iqtisadi əlaqələrə hansısa formada mənfi təsir edə bilərmi?
Məsələyə münasibət bildirən ekspert Azər Allahverənov bunu istisna etdi. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Düşünmürəm ki, bu, Gürcüstana səfər edənlərin sayının azalmasına gətirib çıxaracaq. Çünki Azərbaycandan Gürcüstana səfər edənlərin bəlli məqsədləri var. Kimisi istirahətə, kimisi müalicə və digər məqsədlər üçün bu ölkəyə gedir. Ona görə də inanmıram ki, avtomobil sığortası onları bundan çəkindirsin. Digər tərəfdən, xarici ölkə vətəndaşları üçün avtomobillərin icbari sığortası beynəlxalq praktikada geniş tətbiq olunur. Gürcüstan beynəlxalq təcrübəni nəzərə alaraq bu addımı atıb. Konkret olaraq burada söhbət nəqliyyat vasitələrinin ölkə ərazisində təhlükəsiz şəkildə hərəkətinin təmin olunmasından gedir. Yəni hər hansı bir hadisə baş verərsə, məhz həmin sığorta ödənişləri hesabına hadisənin fəsadlarının aradan qaldırılması nəzərdə tutulur. Sözügedən məqsəd üçün Gürcüstan bunu tətbiq edir. Bu, həqiqətən də ciddi məqamdır və Azərbaycan üçün də aktualdır. Ona görə ki, bir müddət əvvəl Azərbaycana məxsus yük maşını Türkiyədə qəzaya uğrayandan sonra avtomobil sahibi ciddi məsrəflərlə üzləşmişdi. Halbuki, avtomobil sığortalansaydı, həmin məsrəflər sığorta şirkəti tərəfindən ödəniləcəkdi. Ancaq bunun olmaması həmin şəxsi çox çətin vəziyyətlə üz-üzə qoyub. Sonra Türkiyə tərəfi də qanunlara müəyyən dəyişikliklər etdi və nəticədə xarici avtonəqliyyat vasitəsi ilə ölkəyə daxil olan xarici vətəndaşlardan avtomobil sığortası tələb olundu. Hesab edirəm ki, Gürcüstanda bununla bağlı qanuna edilən dəyişiklik bilavasitə nəqliyyat vasitələrini idarə edən şəxslərin özlərinə də maraqlıdır. Çünki hər hansı bir qəza hadisəsi baş verəndə dəyən ziyanı sığorta şirkəti ödəyəcək. Onu da nəzərə almaq lazımdır ki, beynəlxalq sığorta sistemində sığortanın müxtəlif növləri var. O cümlədən, nəqliyyat vasitələri ilə də bağlı müxtəlif sığorta növləri tətbiq olunur. Daha geniş anlamda bu məsələyə baxdıqda görürük ki, bu, nəqliyyat vasitələri sahiblərinin maraqlarına uyğundur. İlkin mərhələdə ola bilsin ki, sürücülər bunu yaxşı qarşılamasın, ancaq müəyyən bir müddətdən sonra bunun xeyrinin hansı səpkidə olduğunu dərk edəcəklər”.
Vidadi ORDAHALLI