Aydın Hüseynov: “Pambıq dünya bazarında valyuta ilə alınıb-satılan məhsuldur”
Azərbaycanın ənənəvi aqrar sahələrindən biri də pambıqçılıqdır. Bu sahənin inkişafına son illər dövlət tərəfindən xüsusi diqqət yetirilir. Pambıqçılığın inkişafı istiqamətində aparılan işlər artıq öz bəhrəsini verir.
2016-cı il pambıqçılığın inkişafında dönüş ili sayılır. Açıqlanan statistik rəqəmlərə əsasən, son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona yüksəlib.
Bir neçə gün öncə Prezident İlham Əliyev “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə müəssisələrinin açılış mərasimində iştirak edərkən bildirib ki, son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu: “Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə, əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik”.
Ekspertlər iki il ərzində pambıq istehsalının 35 min tondan 207 min tona çatmasının gözlənilən olduğunu deyirlər. Maraqlıdır, qarşıdakı illər ərzində pambıq istehsalı daha da arta bilərmi?
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qarşıdakı illər ərzində pambıqçılıq sahəsində inkişaf gözlənir. Ölkədə aparılan iqtisadi strategiyanın başlıca məqsədi ixracyönümlü məhsulların istehsal olunmasıdır: “Bəllidir ki, pambıq da ixracyönümlü məhsuldur. Onu da nəzərə almaq lazımdır ki, pambıq dünya bazarında valyuta ilə alınıb-satılan məhsuldur”.
Millət vəkilinin sözlərinə görə, pambıqçılıqla bağlı konkret dövlət proqramları mövcuddur. Bu sahənin inkişaf etdirilməsi üçün suvarma sistemləri, yeni əkin sahələrinin dövriyyəyə cəlb olunması istiqamətində uğurlu işlər davam etdirilir. Eyni zamanda, biz pambıq istehsalı ilə bağlı təkcə dünya bazarına çıxmamalıyıq: “Pambıqdan hazırlanan yüngül sənaye məhsullarının istehsal olunması sahəsində də tədbirlər planı hazırlanır. Elə Mingeçevirin özündə də çox böyük trikotaj fabrikatlarının işə düşməsi planlaşdırılır. Bu da xammal kimi olduqca əlverişli məhsuldur”.
Həmsöhbətimiz onu da vurğuladı ki, pambıq və digər strateji məhsulların yetişdirilməsi baxımından bu sahə daha da perspektivli hesab olunur.
Günel CƏLİLOVA