Rəsul Cahangirli: “Tələb olunan maliyyə vəsaitinin bir hissəsini dövlət ödəyəcək”
Azərbaycanda işçilərin kollektiv və fərdi mühafizə vasitələrindən istifadəsi məsələsində bir sıra çatışmazlıqlar mövcuddur. Xüsusilə tikinti və tikinti materialları istehsalı sahələrində işləyənlərin kollektiv və fərdi mühafizə vasitələrindən lazımi qaydada istifadə etmədikləri dəfələrlə müşahidə edilib.
Bir də görürsən ki, hər hansı çoxmərtəbəli binanın yuxarı mərtəbələrində armatur karkası quraşdıran işçinin başında dəbilqə, belində mühafizə kəməri, əlində əlcəyi yoxdur. Eləcə də tikinti materialları istehsalı ilə məşğul olan çoxsaylı daş karxanalarında əmək müqavilələri bağlamadan işə cəlb edilmiş vətəndaşın əynində heç bir fərdi mühafizə vasitəsinin olmadığının şahidi olursan. Bütün bunlarla yanaşı, əməyin mühafizəsinin sığortalanmasında da bəzi çatışmayan məqamlar qalmaqdadır.
Ancaq belə görünür ki, bununla bağlı bir sıra addımların atılması gündımdədir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkənin sığorta şirkətləri ilə Əməyin Mühafizəsi Fondunun yaradılması barədə danışıqları davam etdirir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazirin sözlərinə görə, bu fondun yaradılması Əmək Məcəlləsi ilə nəzərdə tutulub və onun yaradılması Azərbaycanda əməyin mühafizəsi sahəsini təkmilləşdirməyə kömək edəcək: “Bu gün Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta haqqında qanun mövcuddur. Amma bu qanuna görə, sığorta dövlət tərəfindən yox, bu sahədə lisenziyaya sahib olan sığorta şirkətləri tərəfindən həyata keçirilir”.
S.Müslümov qeyd edib ki, sığorta təşkilatları Əməyin Mühafizəsi Fondunun yaradılmasında fəal iştirak etməlidirlər: “Bu, sığorta şirkətlərinə fondun işində iştirak etməyə və daxilolmalara nəzarət etməyə imkan verəcək. Mən həm də hesab edirəm ki, sığorta şirkətlərinin gəlirlərinin bir hissəsi bu fonda yönəldilməlidir”.
Ümumilikdə, sözügedən fondun yaradılması bu sahədə mövcud olan bəzi problemlərin həllində necə rol oynaya bilər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, belə bir fondun yaradılmasına və dövlətin bu işdə fəal iştirak etməsinə ehtiyac var: “Məsələ ondadır ki, zaman-zaman işçilər əməyin mühafizəsi ilə bağlı müxtəlif problemlərlə üzləşirlər. İstehsalatda bədbəxt hadisələr baş verir, işçilər peşə xəstəliklərinə tutulurlar. Ancaq bütün bunlara baxmayaraq, sığorta şirkətləri müxtəlif vasitələrlə onlara dəymiş zərəri ödəməkdən yayınırlar. Buna görə qarşı tərəfə müəyyən ödənişlərin edilməsini istəmirlər. Bir sıra hallarda qanunda olan hər hansı boşluqlardan istifadə edirlər. Nəticədə işçilər bu kimi xoşagəlməz hallardan əziyyət çəkirlər ki, bu da cəmiyyətdə yaxşı qarşılanmır. Ona görə də, əlbəttə ki, belə bir fond yaradılsa, bu sahədə illərdir mövcud olan problemlər əsaslı şəkildə öz həllini tapa bilər. Bu sahəyə dövlət nəzarətinin artması üçün yeni imkanlar yaranacaq. Tələb olunan maliyyə vəsaitinin bir hissəsini dövlət ödəyəcək. Nəticədə Əməyin Mühafizəsi Fondunun imkanları artacaq. Bu da imkan verəcək ki, bədbəxt hadisəyə görə işçiyə dəyən ziyanı ödəmək mümkün olsun. Ona görə də belə bir təşəbbüsü dəstəkləyirəm. Bununla yanaşı, sözügedən sahədə elə bir mexanizm yaradılmalıdır ki, bu həm işçinin, həm də sığorta şirkətlərinin maraqlarına cavab versin. O üzdən, arzuolunandır ki, bu istiqamətdə görülən işlər öz nəticəsini versin”.
Vidadi ORDAHALLI