Pərviz Heydərov: “Müvafiq dövlət orqanlarına tapşırıq verilib ki…”
Məlumatlara görə, bu ilin yanvar ayında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 459,8 mln. manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 408,7 mln. manatı və ya 88,9 %-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Norveç sərmayədarlarına məxsus olub.
Rəsmi statistikaya əsasən, xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlər ölkə iqtisadiyyatına yatırılan cəmi investisiyanın 47,9%-ni əhatə edib.
Bu ilin yanvar ayı ərzində Azərbaycan iqtisadiyyatına 460 mln. manat xarici sərmayənin yatırılmasının az və ya çox olduğunu müəyyən etmək məqsədilə mütəxəssislərə müraciət etdik.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə iqtisadiyyatı üçün xarici investisiyaların əhəmiyyəti hər kəsə bəllidir: “Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafı prioritet seçildiyi bir məqamda xarici investisiyaların olduqca böyük əhəmiyyəti var. Amma təəssüflər olsun ki, son illər ərzində obyektiv səbəblərə görə ölkəyə xarici investisiya axını əhəmiyyətli dərəcədə azalıb. Bununla belə, xarici investisiyaların cəlbi istiqamətində hökumətin apardığı müvafiq siyasətə uyğun olaraq, xarici investisiya axını son zamanlarda da davam edir. Bu proses bu gün də özünü müəyyən səviyyədə göstərməkdədir. Amma Azərbaycan hökuməti və Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunu prioritet seçdiyi üçün xarici investisiyaların daha geniş şəkildə ölkəyə cəlb olunması yönündə müvafiq addımların atılması davam edir. Bu yaxınlarda ölkə başçısının “İnvestisiya fəaliyyətinin təşviq edilməsi” və “Xarici investorların hüquqlarının qorunması” haqqında imzaladığı Sərəncam bir daha göstərir ki, bu sahəyə xüsusi diqqət göstərilir. Müvafiq dövlət orqanlarına tapşırıq verilib ki, ölkəyə xarici investisiyaların cəlb olunması və daha yüksək templə artımını təmin etmək üçün qanunvericilikdən tutmuş, bütün sahələr üzrə lazımi addımlar atılsın. Bu sahənin inkişafı üçün ölkədə münbit şəraitin yaradılması istiqamətində müəyyən tədbirlər görülsün. Hesab edirəm ki, bu sərəncamda tapşırılanlar qısa müddət ərzində tam olaraq yerinə yetirilərsə, ölkəyə xarici investisiya axınında ciddi şəkildə yüksələn templə inkişafın şahidi olacağıq”.
Həmsöhbətimizin sözlərinə görə, cari ildə Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik nöqteyi- nəzərindən və neftin dünya bazarında qiyməti baxımından xarici investisiyaların axınının ötən illə müqayisədə artması istisna olunmur: “Elə ilin ilk ayında da Azərbaycan iqtisadiyyatına 460 mln. manat xarici sərmayənin yatırılması gələcək aylarda investisiya axınının daha da artacağını göstərir”.
Günel CƏLİLOVA