Bakı-Qəbələ dəmir yolu 2019-cu ilin sonunadək hazır ola bilər. Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov qeyd edib ki, əvvəlcə Bakıdan Gəncədə sürətli dəmir yolu açılacaq: “Bundan sonra Ağdaş rayonudan keçməklə Ləki stansiyasından Qəbələ hava limanınadək dəmir yolu çəkiləcək. Orada dağlıq ərazi başlayır və qatarlar yüksəklikdən keçəcək. Dəmir yolunun tikintisi artıq bu il başlyacaq. 2019-cu ilin sonunadək tikinti başa çata bilər”.
Cavid Qurbanov onu da deyib ki, "Azərbaycan Dəmir Yolları" QSC Bakı ilə "Şahdağ" dağ-xizək kurortunu əlaqələndirəcək dəmir yolunun layihələndirilməsi işinə başlayıb.
C.Qurbanov bildirib ki, artıq Xaçmaz istiqamətində dəmir yolunda təmir işlərinə başlanılıb: "Bakı-Yalama dəmir yolunun bütün sahələri modernləşdiriləcək və elektrik qatarları buraxılacaq. Xudat stansiyasından Qusar rayonu vasitəsilə "Şahdağ" kurortuna qədər qərb istiqamətində ayrıca qol tikiləcək. Layihələndirmə üzrə işlər artıq başlayıb".
QSC sədri əlavə edib ki, gələcəkdə dəmir yolu vasitəsilə və tikiləcək tunellə "Tufandağ" və "Şahdağ" istirahət mərkəzlərinin birləşdirilməsi planlaşdırılır.