Rəşad Həsənov: "Hazırda ölkənin strateji valyuta ehtiyatları xarici borcdan dəfələrlə artıqdır"
Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.
Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən 7 milyard ABŞ dolları olub. Bu barədə "2017-ci ilin dövlət büdcəsinə dəyişiklik haqqında" qanun layihəsində məlumat yer alıb.
Qeyd olunub ki, imzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumdaxili məhsulun 18,1 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 713,5 ABŞ dolları olub. İmzalanmış kredit sazişləri üzrə 2017-ci ilin I rübü ərzində 83,2 milyon ABŞ dolları məbləğində vəsait istifadə edilib. 2017-ci il 1 aprel tarixinə dövlətin daxili borcu 7 milyard manat təşkil edib.
O da məlumdur ki, bu gün dünya iqtisadiyyatı üçün ən təhlükəli məqamlardan biri də müxtəlif dövlətlərin, o cümlədən inkişaf etmiş Qərb ölkələrinin xarici borclarının həcminin sürətlə artmasıdır. Nəticə etibarilə qlobal borclanmanın da miqdarı getdikcə artır və bu, dünya iqtisadiyyatı üçün əlavə təhdidlər yaradır. Azərbaycan isə xarici borc məsələsində digərlərinə nisbətdə əlverişli mövqedədir.
Ümumilikdə, belə vəziyyəti ekspertlər necə dəyərləndirir? Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, ümumən bu sahədə Azərbaycanın vəziyyətini qənaətbəxş hesab etmək olar: "İqtisadiyyatda, xüsusən real sektorun inkişaf səviyyəsindən asılı olaraq, borclanma faizləri və borclanmaya müvafiq olaraq ölkənin iqtisadi adekvatlılıq məsələsi var. Məsələn, elə ölkələr var ki, xarici borclanma ümumdaxili məhsulun illik həcmi üzərindədir. Elə ölkələr var ki, bundan da çoxdur. Azərbaycanda isə bu göstərici təxminən 20 faizdir. Bir məqamı nəzərə almaq lazımdır ki, Beynəlxalq Bankın öhdəliklərinin, xarici borclarının dövlətin üzərinə keçməsi nəticəsində xarici borc təxminən 6,5 faiz artıb. Ümumilikdə götürəndə Azərbaycanda xarici borclanma ilə bağlı vəziyyət kritik həddə çatmayıb. Nəzərə alsaq ki, ölkə iqtisadiyyatı neft gəlirlərindən çox asılı idi, bu, digər ölkələrlə müqayisədə müəyyən risqlər yaradırdı. Ancaq bir məqamı unutmaq olmaz ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcdan dəfələrlə artıqdır. Hazırda Azərbaycanın 37 milyard dollardan artıq strateji valyuta ehtiyatları var. Bu, dövlət borcundan böyük göstəricidir. Yəni bu kimi faktorları nəzərə alsaq, müəyyən qədər risqləri kompensasiya edəcək potensial var. Hesab edirəm ki, hazırda xarici borclanmanı mümkün qədər limitləşdirmək üzərində dayanmaq lazımdır. Hökumət bununla bağlı müəyyən proqramlar hazırlayıb. Eyni zamanda, müəyyən addımlar atılır. Sonrakı dövrdə Dövlət Borclarına Nəzarət Agentliyi bu istiqamətdə xüsusi əlahiddə səlahiyyətlər əldə edib. Qurumun icazəsi olmadan hər hansı dövlət müəssisəsinin borclanması problemli olacaq. Bu isə gələcək dövrdə xarici borc həcmini tənzimləməyə müəyyən qədər kömək edəcək".
Vidadi ORDAHALLI