Ukraynalı yazıçı, alim və professor Boqdan Lepkinin Krakovdakı Rakoviçki qəbiristanlığındakı məzarı vandalizmə məruz qalıb.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxı bildirib ki, naməlum şəxslər yazıçının məzar daşından bürünc relyefini oğurlayıblar.
"Biz bu vandalizm aktını Ukrayna ilə Polşa Respublikası arasında düşmənçiliyi daha da alovlandırmaq məqsədi daşıyan qəsdən törədilmiş təxribat kimi qiymətləndiririk", - deyə sözçü bildirib.
Ukraynanın Krakovdakı Baş Konsulluğu polis, Rakoviçki qəbiristanlığının rəhbərliyi və Krakov şəhər hakimiyyəti ilə əlaqə saxlayıb. Konsulluq onları hərtərəfli araşdırma aparmağa, cinayətin bütün hallarını müəyyən etməyə, məsul şəxsləri müəyyən etməyə, oğurlanmış bürünc relyefin geri qaytarılması və ya bərpası üçün təcili tədbirlər görməyə və dəfn yerinin lazımi şəkildə qorunmasını təmin etməyə çağırıb.
Xatırladaq ki, iyunun 19-da Polşa Prezidenti Karol Navrotski Ukrayna hərbi hissəsinə Ukrayna Üsyançı Ordusunun Qəhrəmanlarının adının verilməsi ilə əlaqədar olaraq ukraynalı həmkarı Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi barədə qərar verib. O, Polşanın "totalitarizmdən və zorakılıq mədəniyyətindən" imtina etməyin vacibliyini anlamayanlara AB üzvlüyünə icazə verməyəcəyini bildirib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə iyulun 3-də Varşavada polşalı həmkarı Radoslav Sikorski ilə görüşündə iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş "böhran əleyhinə addımlar paketi" təklif edib.
Tahir TAĞIYEV