ABŞ və İsrail hücumlarında həlak olan İranın keçmiş lideri Əli Xamenei və ailə üzvləri üçün paytaxt Tehranda hökumət rəsmiləri və yüz minlərlə insanın iştirakı ilə dəfn mərasimi keçirilib.
İmam Xomeyni Musalla məscidində xüsusi ayrılmış yerdə keçirilən dəfn namazına Ayətullah Cəfər Sobhani rəhbərlik edib. Səhər tezdən yüz minlərlə iranlının qatıldığı mərasimdə İran prezidenti Məsud Pazeşkian, yüksək vəzifəli hərbi və siyasi rəsmilər və dini liderlər də iştirak ediblər.
Dəfn namazından əvvəl məsciddə hazırlanmış xüsusi bir ərazidə ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd çağırışları səsləndirilib. İzdiham "Müqəddəs liderimizin qisası!" şüarları səsləndirərkən, iranlı bir ruhani minbərdən izdihama müraciət edərək qisas çağırışı edib: "Əgər onun qatilini öldürməsək, bu bizim ayıbımız olacaq. Əgər onun qatilini öldürməsək, bundan sonra paltarlarımız kəfənimiz olacaq. Sizin qanınıza and olsun ki, Trampı öldürmək bizim borcumuzdur".
Rəsmilər bildiriblər ki, paytaxt küçələrində genişmiqyaslı vida mərasimi keçiriləcək və bundan sonra Xameneinin cənazəsi dəfn olunmaq üçün Quma aparılacaq.
Tahir TAĞIYEV