Serbiya Parlamentinin spikeri və keçmiş baş nazir Ana Brnabiç “Euronews”a müsahibəsində bildirib ki, Belqrad Qərbdə tez-tez iddia edildiyi kimi Rusiyanın müttəfiqi deyil və tammiqyaslı müharibənin başlanğıcından bəri Ukraynaya 60 milyon avrodan çox yardım göstərib.
Brnabiç vurğulayıb ki, Serbiya 2022-ci ilin fevral ayından bəri Ukraynaya maliyyə və humanitar yardım göstərib, baxmayaraq ki, silah tədarük etməyib. "Biz Qərbi Balkanlarda Ukraynanı ən sərt qış aylarında enerji avadanlıqları, generatorlar və ehtiyat hissələri ilə təmin edən yeganə ölkə idik. Hətta bazarda mövcud olmadıqda belə, onları öz ehtiyatlarımızdan göndərirdik. Serbiya ilə Ukrayna arasında çox sıx əlaqələr belə yaranıb", - deyə o bildirib.
Brnabiçin sözlərinə görə, Serbiya Prezidenti Aleksandr Vuçiç və Ukrayna Prezidenti Volodimir Zelenski daimi əlaqə saxlayır və o, müntəzəm olaraq Ali Radanın spikeri Ruslan Stefançukla danışır.
Belqradın Rusiyayönlü mövqeyi ilə bağlı ittihamlara cavab olaraq, keçmiş baş nazir bu cür dəyərləndirmələrin stereotiplərə əsaslandığını bildirib: "Biz serblər "kiçik ruslar" deyilik. Serbiya min ilə yaxın tarixi olan müstəqil və suveren bir dövlətdir. Bəli, ənənəvi olaraq Rusiya ilə yaxşı münasibətlərimiz olub, amma aralarında fikir ayrılıqları da var. Rusiya dəfələrlə Serbiyanı BMT-də Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən səsverməsinə, eləcə də Ukraynaya göstərdiyimiz yardıma görə tənqid edib".
O, həmçinin Avropa Birliyinin Serbiyanın üzvlük danışıqlarına yanaşmasını da tənqid edərək, Belqradın digər namizəd ölkələrə nisbətən daha sərt tələblərlə üzləşdiyini iddia edib. Brnabiç nümunə olaraq ATƏT/DTİHB-nin seçki sistemi islahatları ilə bağlı tövsiyələrini göstərib. Onun sözlərinə görə, Serbiya yeni danışıqlar klasterinin açılması üçün bütün tövsiyələri yerinə yetirməyə borcludur, digər namizəd dövlətlərdən isə bunu etmək tələb olunmur: "Bunlar vətəndaşlarımıza izah etməkdə çətinlik çəkdiyimiz ikili standartlardır və Avropa Birliyinə olan etimadı sarsıdır".
Eyni zamanda, Brnabiç Belqradın AB üzvlüyünə strateji məqsəd kimi baxmağa davam etdiyini və üzvlük danışıqlarını davam etdirmək niyyətində olduğunu bildirib.
Tahir TAĞIYEV