Rusiyanın Donbasdakı strateji əhəmiyyətə malik Konstantinovka şəhərini ələ keçirdiyini açıqlaması Ukrayna ilə diplomatik və hərbi gərginliyin yeni dalğasına səbəb olub. Rusiya Baş Qərargahı şəhəri “Ukrayna müdafiəsinin son qalası” adlandırsa da, Ukrayna prezidenti Zelenski şəhərin işğal edilməsi iddialarını təkzib edib və Putinə şəhərdə görüş təklif edib.
"Əgər Konstantinovka həqiqətən Rusiyanın nəzarəti altındadırsa, onda Putinin orada mənimlə görüşməkdə və müharibəyə son qoymaq üçün diplomatik yollar tapmaqda heç bir problemi olmamalıdır", - deyə Zelenski Rusiya liderini sözləri ilə küncə sıxışdırmağa çalışıb.
Konstantinovkanın Rusiyanın nəzarətinə keçməsini "əhəmiyyətli qələbə" adlandıran Kremlin sözçüsü Dmitri Peskov isə Zelenskinin sözlərinə cavab olaraq onu Moskvaya dəvət edib: "Əgər cənab Zelenski Rusiya Federasiyasına bu şəkildə səfər etməyə hazır olduğunu bildirərsə, biz bunu məmnuniyyətlə qarşılayırıq. Lakin ona xatırlatmaq istərdik ki, Prezident Putin onu Moskvada qəbul etməyə hazırdır. Rusiya Federasiyasının paytaxtı Konstantinovka deyil, Moskvadır".
Tahir TAĞIYEV