Misir prezidenti Əbdülfəttah əs-Sisi İsraillə münasibətlərin normallaşma ehtimalını şərh edərkən deyib ki, ədalətli sülh olmadan normallaşma olmayacaq.
1979-cu ildə İsraillə sülh müqaviləsi imzalayan ilk ərəb ölkəsi olan Misir prezidenti əs-Sisi bildirib ki, Yaxın Şərqdəki münaqişələrin həlli İsrail və Fələstin arasında hərtərəfli sülh müqaviləsindən keçir. O əlavə edib ki, ədalətli sülh region xalqlarına "sabitlik və rifah içində yaşamaq imkanı" verəcək.
"İşğala son qoyan, ədalətsizliyə və təcavüzə son qoyan, haqq sahiblərinin hüquqlarını bərpa edən və hamı üçün təhlükəsizliyi təmin edən ədalətli bir sülh olmadan xalqın gözündə davamlı sülh, həqiqi sabitlik və ya normallaşma olmayacaq" – deyə Misir prezidenti bildirib.
İsrail və HƏMAS arasında ötən il oktyabrın 10-da əldə edilən atəşkəsə dəstək çağırışı edən əs-Sisi atəşkəsin qüvvəyə minməsindən bəri mindən çox fələstinlinin İsrail tərəfindən öldürüldüyünü bildirib.
Tahir TAĞIYEV