Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı iki ölkə arasında hərbi, siyasi və iqtisadi məsələlər də daxil olmaqla, davamlı əlaqələri müzakirə edib.
Söhbətin təfərrüatlarını açıqlayan Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp Rusiyanı Ukrayna münaqişəsini tez bir zamanda həll etməyə çağırıb: "Burada ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük perspektivlər var. Donald Tramp vurğulayıb ki, buna nail olmaq üçün Ukrayna münaqişəsi mümkün qədər tez həll olunmalıdır".
Uşakov əlavə edib ki, söhbət zamanı yaxın günlərdə Baykonur Kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya birgə Rusiya-Amerika heyətinin göndərilməsinin simvolizmi qeyd edilib. Rusiya prezidentinin köməkçisi bildirib ki, bu, iki gücün sıx əməkdaşlıqda və müxtəlif sahələrdə maraqlı olduğunu təsdiqləyən konkret bir nümunədir.
Prezidentlər həmçinin Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.
Uşakovun sözlərinə görə, ABŞ prezidenti hərbi əməliyyatların dayandırılmasına kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib. Putin də öz növbəsində ona Rusiya Silahlı Qüvvələrinin döyüş meydanındakı son uğurları barədə məlumat verib.
Tahir TAĞIYEV