iyulun 3-də Moskvada Rusiya, Azərbaycan və İran dəmir yolu administrasiyalarının rəhbərləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Dağıstandan keçən qərb marşrutu üzrə üçtərəfli protokol imzalayıblar. "Kommersant"ın Rusiya Dəmir Yollarının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər sənədləşmə işlərində elektron sistemə keçid barədə razılığa gəliblər.
İclasa Rusiya Dəmir Yollarının baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozerov sədrlik edib. İran nümayəndə heyətini İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini, İran Dəmir Yollarının İdarə Heyətinin sədri və baş direktoru Cabbarali Zakeri təmsil edib. Azərbaycan tərəfinə isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov rəhbərlik edib.
Tərəflər yük daşımalarında müsbət tendensiyaları qeyd ediblər. Belozerovun sözlərinə görə, 2026-cı ilin yanvar-iyun ayları arasında Astara vasitəsilə İrana 65 min ton taxıl göndərilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən çoxdur.
Görüşdən sonra imzalanan protokol üç tərəfin marşrutun kommersiya cəlbediciliyini ardıcıl olaraq artırmaq niyyətini təsdiqləyir. Bundan əlavə, iştirakçılar gələcək əməkdaşlığa yanaşmalar barədə razılığa gəliblər ki, bunun da əsas elementi rəqəmsal dəhlizin inkişafı olacaq. Buna elektron məlumat mübadiləsi sistemlərinin birləşdirilməsi və kağız əsaslı yük izləməsinin tədricən aradan qaldırılması yolu ilə nail olunacaq.
Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (BŞND) qərb marşrutu Rusiya-Azərbaycan-İran-Fars körfəzi-Hindistan marşrutu boyunca uzanır. Əsas nəqliyyat mərkəzlərinə Həştərxan və Mahaçqala (Rusiya), Bakı (Azərbaycan), Rəşt və Bəndər Abbas (İran) daxildir..
Tahir TAĞIYEV