Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə XXI əsrin ilk illərindən "Regionların sosial-iqtisadi inkişafı" proqramı ilə başlansa da, 2014-cü ildə postneft dövrünə keçid sözügedən sektorun inkişafını artıq zamanın prioritet tələbinə çevirdi. Bəllidir ki, əsrin əvvəllərində gənc və müstəqil respublikada işsizliyin səviyyəsi kifayət qədər yüksək idi və bu da əhalinin maddi rifah halında öz sözünü deyirdi.
Azərbaycan dövlətinin məhz o zamandan - 2004-cü ildən sözügedən proqramın icrasına başlaması da elə regionlarda potensial iqlim şəraitinə uyğun olaraq istehsal müəssisələrinin və fermer təsərrüfatlarının yaradılması ilə işsizliyin və buna paralel olaraq yoxsulluğun səviyyəsinin minimuma endirilməsi məqsədinə xidmət edirdi. Ötən 10 ildən artıq zaman kəsiyində Azərbaycan regionlarının inkişafı gözləntiləri doğrultdu və bölgələrimizin abadlaşması ilə yanaşı, bir sıra irili-xırdalı təsərrüfatların yaradılmasına nail olundu. Lakin bəlli ki, bu yetərli deyildi, çünki hələ o zaman neftin dünya bazarındakı qiymətləri ilə bağlı proqnozlar ürəkaçan deyildi və neft qiymətinin bir müddət aşağı həddə qalacağı barədə deyilənlər getdikcə özünü daha çox doğruldurdu. Beləliklə də artıq neft erasının başa çatması barədə səslənən fikirlər reallığa daha yaxın kimi görünürdü. Bu situasiyada Azərbaycanın idxaldan asılılıq səviyyəsini minimuma endirmək, hətta yerli istehsalın stimullaşdırılması hesabına ölkənin ixracda payını müxtəlif qida, kənd təsərrüfatı və digər məhsullarla artırmaq günün tələbi kimi çıxış edirdi.
Sahibkarlığın inkişaf konsepsiyasının ilk işartıları...
Bu vəziyyətdə dövlət tərəfindən atılan ilk addımlardan biri ölkədə sahibkarlığın inkişaf konsepsiyasının hazırlanması oldu. Həmin konsepsiyaya uyğun olaraq kənd təsərrüfatı sahəsində məhsul istehsalı ilə məşğul olanlara dotasiyaların ayrılması, birdəfəlik yardımların edilməsi, hətta texnika ilə bağlı dövlət yardımları nəzərdə tutulurdu ki, ilkin mərhələdə öz biznesini quran sahibkar üçün bunlar çox böyük əhəmiyyət daşıyırdı. Eyni zamanda həmin dövrdə sahibkarlar üçün vergi islahatlarının aparılması, dünyanın heç bir ölkəsində olmayan "bir pəncərə" sisteminin tətbiqi sözügedən istiqamətdə fəaliyyətin stimullaşdırılması işində unikal addımlar idi və faktdır ki, bütün bunlar ölkədə sahibkarlıq fəaliyyətinin stimul qazanmasında öz sözünü dedi.
2016-cı ilin 18 yanvar tarixində Prezident İlham Əliyevin rəhbərliyilə keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə dövlət başçısının səsləndirdiyi aşağıdakı fikirlər isə ölkədə artıq vüsət götürmüş yeni iqtisadi siyasətin əsas istiqamətlərini müəyyənləşdirmiş oldu: "Əlbəttə ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır. Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktik addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastrukturun yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik". Bu sözlərlə dövlət başçısı həm də ölkədə qeyri-neft sektorunun, beləliklə də sahibkarlığın inkişafının bundan sonra da dövlətin nəzarətində olacağı və dövlətin dəstəyini alacağı mesajını vermiş oldu.
Dünyanın dörd bir yanında "Made in Azerbaijan"...
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlardan biri də "Made in Azerbaijan" brendinin dünyada tanıdılması istiqamətində ölkədəki sahibkar və iş adamları zümrəsinin üzərinə qoyulan vəzifələr oldu. "İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır", - deyən Prezident İlham Əliyev ilk gündən Azərbaycan brendinin inkişafı və dünya bazarında nüfuz qazanmasına kompleks yanaşması ilə diqqət çəkdi. Belə ki, sahibkarlarla şəxsən ildə bir neçə dəfə görüş keçirən, onların qayğıları ilə maraqlanan, bizneslərinin inkişafı üçün ciddi tədbirlər görən, iri tutumlu investisiyaların həyata keçirilməsini onlara həvalə edən Prezident bütün bunların qarşılığı olaraq dünya bazarına rəqabətə davamlı məhsullar çıxarmağı iş adamları qarşısında tələb kimi qoydu. Bu isə həm də "Made in Azerbaijan" brendinin inkişafına təkan verən ciddi yanaşmadır.
Bu yanaşmanın daha bir göstəricisi Azərbaycanda sahibkarlığın tərəqqisinə xidmət edən iki Regional İnkişaf Mərkəzinin yaradılmasıdır. Məhz bunun nəticəsidir ki, sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi çoxalıb, qəbul edilən qərarlar, qanunlar, imzalanan fərman və sərəncamlar qeyri-neft ixracatının həcminin artmasına səbəb olub.
Hazırda "Made in Azerbaijan" brendinin xarici bazarlarda təbliği, ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alınması, sərgilərin təşkili və digər xərclər dövlət büdcəsindən maliyyələşdirilir və bu yöndə fəaliyyətin aparılması Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPROMO) həvalə edilib. Bu işdə eyni zamanda məhsulların beynəlxalq sərgi və yarmarkalarının təşkili, KİV-lərdə reklamların aparılması olduqca vacibdir. Bundan əlavə, Azərbaycan məhsullarının xarici ölkələrin mağaza şəbəkələrinə və rüsumsuz ticarət mağazalarına çıxışını təmin etmək üçün vəsaitlər dövlət büdcəsindən ayrılır. Hazırda qarşıda duran əsas vəzifə qlobal iqtisadi mühitdə xam neft, təbii qaz ixracının verdiyi maliyyə imkanlarından bəhrələnməklə geniş çeşidlilik, dayanıqlılıq və rəqabətqabiliyyətlilik meyarlarına söykənmiş qeyri-neft mallarının ixrac potensialının yaradılmasıdır. Bu məqsədlə isə ölkədə qeyri-neft sektorunun ixrac potensialının genişləndirilməsi yollarının çoxvektorluluğunun əsas prioritet kimi götürülməsi şərtdir.
Azərbaycanın qida sektorunu dünyada təbliğ edənlər...
Tanınmış iqtisadçı, millət vəkili Vahid Əhmədov isə bu kontekstdə diqqəti qida sektoruna yönəldir. O hesab edir ki, qida sektorunda fəaliyyət göstərən yerli şirkətlər həm də ölkənin iqtisadi təhlükəsizliyinin qarantı rolunda çıxış edir: "Yeyinti sənayesi və qida sektorunda fəaliyyət göstərən şirkətlər yalnız insanların ərzaq məhsularına olan tələbatını ödəmir. Onlar həm də ölkənin iqtisadi təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Çünki əhalinin ərzaq məhsullarına olan tələbatının təmin edilməsi bilavasitə onların üzərinə düşür. Bu tələbatı lazımı miqyas və keyfiyyətdə təmin etmək, dünya iqtisadiyyatında baş verən təbəddülatlara baxmayaraq ərzaq təminatında stabilliyə nail olmaq, kəskin qiymət artımını önləmək və s. bu şirkətlərin fəaliyyətinin nüvəsində qərarlaşan məsələlərdir. Odur ki, Azərbaycanın qida sektorunda yer alan şirkətlərin mövcudluğu, onların ölkənin iqtisadi həyatındakı rolu olduqca böyükdür. Ölkə başçısının qeyri-neft sektorunun, eləcə də bu sektorun bir hissəsi olan yüngül və yeyinti sənayesinin inkişafı ilə bağlı atdığı mühüm addımlar da sözügedən sahələrin inkişafı üçün geniş perspektivlər açır".
Iqtisadçı-ekspertin diqqəti ölkənin qida sektoruna yönəltməsi təsadüfi deyil. Çünki faktdır ki, artıq ölkədə "Made in Azerbaijan" brendini özünün keyfiyyətli məhsulları ilə dünya miqyasında tanıdan iri şirkətlər fəaliyyət göstərir ki, bunlardan biri də "Veysəloğlu" Şirkətlər Qrupudur. Hələ 2001-ci ildən Azərbaycan iqtisadi arenasında öz kövrək addımlarını atan "Veysəloğlu" Şirkətlər Qrupu ötən müddət ərzində Azərbaycan şirniyyatlarını dünya bazarına çıxararaq ölkəni layiqincə təmsil etməyi bacarıb. Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini mənimsəyən "Veysəloğlu" Şirkətlər Qrupu "Ulduz" şirniyyat fabrikində yeni müasir avadanlıqlarla dünya bazarı standartlarına cavab verən məhsul istehsal etməkdə, bu məhsulların çeşidlərini artırmaqdadır.
Bundan əlavə, hazırda Azərbaycan brendi ilə "Gilan construction materials" qrupunun, "AzNar" konserninin Azərbaycan şərabları, konservləri, balıq kürüsü, qoz, fındıq, çay, şirniyyat məhsulları xarici ölkələrə ixrac edilir və xarici ölkələrin həmin məhsullara tələbatı Azərbaycanın ixrac sektorunda payının daha da artacağını düşünməyə əsas verir.
MDB məkanında yaradılan Azərbaycan Ticarət Evləri...
Azərbaycanın ixrac potensialının artırılması və yerli məhsulların xarici bazarlara çıxarılmasında yeni yaradılan "Ticarət Evləri"nin rolunun böyük olacağı şübhəsizdir. Artıq bu ilin əvvəlində dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı kimi Belarus Respublikasının paytaxtı Minskdə ilk "Azərbaycan Ticarət Evi"nin təşkili başa çatıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ticarət Evinin idarəolunması məqsədilə Belarusda "Azərbaycan Ticarət Evi" MMC də yaradılıb və fevralın 20-də Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb. Ticarət Evinin mayın 25-də baş tutan açılış mərasimində Azərbaycandan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Ticarət Evi Azərbaycan məhsullarının "Made in Azerbaijan" brendi altında Belarus bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və əlaqələrin qurulması, Belarus qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, Belarus bazarına məhsul ixracı və satışında iş adamlarını yaxından dəstəkləyəcək ki, bunun özü ölkədə sahibkarlıq subyektlərinin həvəsləndirilməsi və ixracın stimullaşdırılmasına təkan verəcək ciddi amillərdir.
Minskdəki Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Ukrayna, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın Ticarət Evlərinin yaradılması istiqamətində işlər aparılır. Ümumilikdə isə Azərbaycan yerli istehsal mallarının ixracında irəliləyişə nail olmaq üçün Aİ və MDB ölkələrinin bəzi paytaxtlarında ticarət evləri açmağı planlaşdırır. Bundan başqa, Azərbaycan məhsullarının təbliği məqsədilə xarici KİV-də reklamların yerləşdirilməsi istiqamətində də müvafiq işlər görülür. Nazirlikdən onu da bildiriblər ki, Prezident İlham Əliyev Azərbaycanın xaricdə logistik mərkəzlərinin yaradılması məsələsini də vəzifə olaraq qarşıya qoyub. Bununla əlaqədar Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanın xaricdəki ilk Logistik Mərkəzi də məhz qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac və tranzit imkanlarının genişləndirilməsinə xidmət edir.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə bu kontekstdə diqqəti xarici bazarlardakı ciddi rəqabət mühitinə çəkərək, keyfiyyət amilinin öndə tutulmasına çağırır:"Xarici bazarlarda çox güclü rəqabət var. Azərbaycan ixracatçılarının bu rəqabətdə rəqiblərinə qalib gəlməsi üçün bir tərəfdən keyfiyyətli məhsul istehsal etməsi tələb olunursa, digər tərəfdən də güclü marketinq və təbliğat işlərinin aparılması, ixrac olunan ölkələrin qanunlarının mənimsənilməsinə ehtiyac var. Ticarət nümayəndələri bütün bu məsələlərdə milli ixracatçıların maraqlarını qoruyaraq ümumilikdə ölkənin iqtisadi maraqlarını təmin edəcək".
Bütün bunlarla yanaşı, xarici ölkələrdə Azərbaycanın yerli ixracatçılarının iqtisadi-ticarət maraqlarının daha səmərəli qorunması, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması üçün səfirlik və konsulluqlarımızda ölkə rəhbərliyinin artıq yaradılmasına start verdiyi ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi də olduqca əhəmiyyətli addım sayılır və geniş perspektivlər vəd edir. Bütün bunlar isə təkcə ölkədə yerli istehsal və ixracatın stimullaşdırılması işinin yüksək səviyyədə təşkilindən deyil, həm də Azərbaycan dövlətinin gələcəyə hesablanmış inkişaf potensialından xəbər verir.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu" Şirkətlər Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur