Türkiyənin bəzi özəl şirkətləri Xəzər dənizində işə maraq göstərirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov deyib.
Onun sözlərinə görə, Türkiyənin nəqliyyat şirkətləri Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı marşrutları üzrə yükdaşımalarda maraqlıdırlar.
Z.Məmmədov qeyd edib ki, bu məsələ müzakirə mərhələsindədir: "Bununla belə, milli və biznes maraqlarını unutmaq olmaz. Türkiyə şirkətlərinin təklifləri Azərbaycanın maraqlarına uyğun gəlsə, onları reallaşdırmaq mümkün olacaq. Əks halda bu məsələ müzakirə edilməyəcək".
Z.Məmmədov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi təkcə Azərbaycan və region üçün deyil, həm də bütün Avrasiya üçün böyük önəm kəsb edir. Onun sözlərinə görə, bu layihə nəqliyyat dəhlizi ölkələri, millətləri və hətta sivilizasiyaları birləşdirəcək: "Mərkəzi Asiyadan tutmuş Şimali Avropa ölkələrindək bu layihəyə maraq göstərilir".