Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sektoruna verilən kreditlərin ümumi həcmi təxminən 1 milyard manat təşkil edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu kreditlərin əsas hissəsini önəmli layihələrin realizəsinə ayrılmış vəsaitlər təşkil edir: "Bu kreditlərin böyük hissəsi sosial layihələrə, ifrastruktur və sairəyə verilib".
Elman Rüstəmov deyib ki, manat üzən məzənnəyə keçdikdən sonra Azərbaycan Mərkəzi Bankının əsas məqsədi pul kütləsinin proqnozlaşdırılmasından ibarətdir. E.Rüsəmov bildirib: "Bu bizə inflyasiyaya, eləcə də pul kütləsi vasitəsilə manatın məzənnəsinə təsir göstərməyə imkan verir".
Onun sözlərinə görə, Mərkəzi Bankın ilin sonu üçün artıq müəyyən hədəf göstəriciləri var: "Bizim artıq inflyasiya və maliyyə sabitliyi göstəriciləri üzrə, eləcə də ümumilikdə makroiqtisadi sabitlik üzrə müəyyən hədəflərimiz var".
E.Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycanda çox yaxşı koordinasiya olunmuş pul-kredit və makroiqtisadi siyasət aparılır: "Bu siyasət müvafiq orqanlarla, ilk növbədə Maliyyə Nazirliyi ilə yaxşı koordinasiya olunb".
Elman Rüstəmov deyib ki, Azərbaycan ipoteka kreditlərini tənzimləyən normativ-hüquqi bazada dəyişikliklər edilməsinə başlayıb. Onun sözlərinə görə, bunla əlaqədar olaraq artıq ilkin qərarlar qəbul edilib.
E.Rüsətmov bildirib: "Makroiqtisadi qrup artıq bu məsəni nəzərdən keçirir. Ümid edirəm ki, müzakirələr yaxın vaxtlarda yekunlaşacaq və yekun qərar qəbul ediləcək".