"İri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etməmişdən öncə, bunu mən etmişdim”. Bu barədə "APA-Economics”ə açıqlamasında "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
A. Gözəlin sözlərinə görə, nazirə ünvanladığı məktubda holdinqin strukturuna daxil olan "Bazarstore” marketlər şəbəkəsinin deyil, bu sektorun bütün iştirakçılarının üzləşdiyi problemləri qabardıb: "Mən yazdığım məktubda həmçinin istehlakçıların problemləri barədə yazmışam. Bundan sonra digər market şəbəkələrinin rəhbərləri nazirə müraciət ünvanladı. Ona görə, bizim ümumi müraciətin altında imzamız yox idi”.
Abdolbari Gözəl deyib ki, ƏDV-nin differensiallaşdırılmasını mütləq aparmaq lazımdır. A. Gözəlin sözlərinə görə, bu cür hallara beynəlxalq praktikada da rast gəlinir: "Bahalı maşın alanla, evinə yumurta alan eyni dərəcədə ƏDV ödəməli deyil. Buna görə, ƏDV-nin dərəcələrinə yanaşmanı dəyişmək lazımdır. Xüsusilə, bu yanaşma kənd təsərrüfatı məhsullarına münasibətdə bu yanaşmanı tətbiq edilməlidir. Söhbət insanların xərclərinin azaldılmasından gedir”.
Xatırladaq ki, ötən həftə bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflis olma təhlükəsi qarşısındadırlar. Bildirilib ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Sahibkarlar hesab edir ki, yaranmış vəziyyəti, iqtisadi şərtlərin ağırlaşmasını nəzərə alaraq hökumət pərakəndə satış sahəsində vergi yükünü azaltmaq üçün addımlar atmalıdır.
Müraciəti "Rahat", "Bizim", "Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri marketlər şəbəkələrinin rəhbərləri imzalanıb.
Müraciətdən sonra iqtisadiyyat naziri şəbəkə rəhbərlərinin nümayəndələrini qəbul edib. Nazirliyin açıqlamasında qeyd edilib ki, görüşdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV-nin tətbiqinin aradan qaldırılması məsələsi müzakirə olunub.