Dohadakı iflasdan sonra neft kotirovkaları sürətlə azalmağa başladı və bu tendensiya davam edəcək. Bunu Trend-ə Rusiya Neft-Qaz Sənayeçiləri Birliyinin Ekspert Şurasının nümayəndəsi Eldar Kasayev deyib.
Onun sözlərinə görə, aprelin 17-də Qətərin paytaxtda Dohada keçirilmiş görüş "OPEK+" formatında dialoqun hər hansı səmərəsi olmadığını nümayiş etdirdi: "Buna səbəb danışıqların əsas iştirakçıları arasında kəskin siyasi və iqtisadi fikir ayrılıqlarının olmasıdır. Səudiyyə Ərəbistanı İrana güzəştmə getməyəcək".
E.Kasayev qeyd edib ki, OPEK-in yayda planlaşdırılmış iclası çox güman, müsbət nəticələr verməyəcək: "Çünki ərəb və farsların qarşıdurması davam edəcək, Rusiya, Venesuela kimi bəzi dövlətlərin Ər-Riyad və Tehrana "özünü eşitdirmək" cəhdləri isə uğursuzluğa məhkumdur".
O, əlavə edib ki, neftin qiymətlərinin tezliklə sabitləşməsini gözləməyə dəyməz, lakin ortamüddətli perspektivdə vəziyyət yaxşılaşacaq.
Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov isə bildirib ki, neft hasilatının dondurulması ilə bağlı Qətərin paytaxtı Dohada baş tutan görüşdə lazımi nəticə əldə edilmədikdən sonra Rusiya hasilatı artıra bilər.
"Belə bir ehtimal var. İllik hasilatın 540 mln. ton səviyyəsinə qədər artırılması tam realdır", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, 2015-ci ildə Rusiyada 534 mln. ton neft hasil olunub. Bu, 2014-cü illə müqayisədə 1,4% çoxdur.