2016-cı ilin 1-ci rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 135 cinayət işi başlanıb. Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bu işlər üzrə aparılan araşdırmalar zamanı 4 milyon 618 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Departamentin İstintaq idarəsində 226 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış cinayət işlərindən 35 iş üzrə 37 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
103 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.