Natiq Cəfərli: “218 milyon avro ilə Qarabağda ən azı bir neçə kəndin, qəsəbənin bərpa olunması mümkün idi”
Mərkəzi Bankın yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb. Məlumat üçün bildirək ki, AMB-nin 37 mərtəbədən ibarət yeni inzibati binanın sahəsi 68 min kv.metr, hündürlüyü isə 168 metrdir.
Binanın detallı layihələndirməsi və tikintisi üçün tender 2020-ci ildə elan edilib. 2021-ci ildə isə Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb.
Qeyd etdiyimiz kimi, Mərkəzi Bankın yeni inzibati binası üçün 218 milyon avro sərf olunub. Maraqlıdır, ölkənin bu qədər problemi, Qarabağın yenidən qurulması kimi ciddi məsələsi olduğu halda Mərkəzi Bankın yeni inzibati binası üçün bu qədər vəsait sərf olunmalı idi?
Iqtisadçı Natiq Cəfərli baki-xeber.com-a şərhində bildirdi ki, Mərkəzi Bankın yeni inzibati binasının tikintisi ilə bağlı qərar illər öncə verilib: “Təəssüf ki, illər öncə verilmiş qərar sonradan dəyişmədi. Indiki zamanda bir binaya bu qədər vəsaitin sərf olunması düzgün deyil. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın hazırki binası da pis vəziyyətdə deyil, yeni binaya ehtiyac yoxdur. 218 min avro ilə Qarabağda ən azı bir neçə kəndin, qəsəbənin bərpa olunması mümkün idi, həmçinin, yeni zavodlar da tikilə bilərdi. İzafi xərclərdən çəkinmək lazımdır, dövr qənaət tələb edir”.
Günel CƏLİLOVA