Hesablama Palatası "Azərbaycan Hava Yolları” üzrə dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini açıqlayıb.
Qeyd edilib ki, auditlə xarici müntəzəm aviareyslərdən müvafiq gəlirlərin əsasən üstün mövqeyə sahib olmaları şərtləndirilməklə eyni kommersiya partnyorlarının vasitəçiliyi ilə əldə olunması, bəzi komisyon haqların analoji standartlardan yüksək tariflərin, yükdaşıyıcı şirkətlərin hava gəmiləri üçün aeroport xidmətləri üzrə isə güzəştli tariflərin tətbiq olunması şəraitində qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına və ümumi rentabelliyin artırılması potensialının dəyərləndirilməsinə üstünlük verilməlidir.
Palata aviabiletlərin qiymətlərinin optimallaşdırılmasını vacib sayıb.
Hesablama Palasının məlum rəyindən sonra ehtimal edilir ki, bu hal AZAL-da dəyişikliklərə səbəb olacaq. Belə ki, ilk olaraq aviabiletlərin qiymətində dəyişiklik müşahidə olunacaq.
İqtisadçı Natiq Cəfərli bildirdi ki, yoxlama qiymətlərin formalaşmasında ciddi rol oynayacaq: "Hesab edirəm ki, bu hal yerüstü xidmətlərin AZAL-ın əlindən alınıb özəl sektora verilməsi ilə bağlı qərarlar ola bilər. Bu da həm keyfiyyəti yüksəldə, həm də qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. Xidmət aviaşirkətin özünə aid olanda bu, daim yerüstü xidmətlərin daha baha olmasına çalışaraq başqa şirkətlərin ölkə bazarında fəaliyyətinə müəyyən məhdudiyyətlər yaradır. AZAL bundan istifadə edir. Dəfələrlə bununla bağlı şirkətlərin şikayəti olub, bildiriblər ki, Azərbaycanda yerüstü xidmətlərin dəyəri Gürcüstandan 5 dəfə bahadır. Bu da həmin şirkətlərin biletlərinin qiymətinin artmasına səbəb olur”.
İqtisadçı hesab edir ki, yerüstü xidmətlərin AZAL-dan ayrılması gözlənilir: “Həmçinin, digər hava limanlarının da AZAL-ın idarəetməsindən ayrılması, həmin hava limanlarının digər şirkətlərə verilməsi də mümkündür. Danılmaz faktdır ki, bəzi türk şirkətlərinin də bu hava limanlarının işlədilməsində marağı var. Ona görə də bu hesabat onu deməyə əsas verir ki, AZAL-ın effektiv idarə edilməsinin təkmilləşdirilməsinə ehtiyac var. Bundan əlavə, qiymətlərdən narazılıqlar da göz qarşısındadır. Qiymətlərin formalaşmasının səbəbləri və yerüstü xərclərin şişirdilməsi ilə bağlı məqamlar var”.
Günel CƏLİLOVA