Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 34% artaraq 4,35 mlrd. ABŞ dollarına çatıb. Bu, bu günlərdə Bakı şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında açıqlanıb.
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, cari il ərzində Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50 faiz artıb.
“İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, bu il Azərbaycanın Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstanla 350,1 milyon, Türkmənistanla 156,9 milyon, Özbəkistanla 103,7 milyon, Qırğızstanla isə 4,5 milyon dollar dövriyyə qeydə alınıb: “Ötən ilin ilk 7 ayında isə ölkəmiz qardaş Türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub. 2021-ci ilin həmin müddətində Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstanla 58,4 milyon, Özbəkistanla 54,2 milyon, Türkmənistanla 41,6 milyon, Qırğızıstanla 5,7 milyon dollar dövriyyəyə malik olmuşuq. Bu isə o deməkdir ki, bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50 faiz artıb. Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək. Digər tərəfdən, Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirilməkdədir. Məsələ sadədir: əgər Türk ölkələri bir dövlət olsaydılar o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə ki, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələrlə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334,3 milyard, Azərbaycan 178,7 milyard, Türkmənistan 117,8 milyard və Qırğızıstan 39,2 milyard dollar ÜDM-ə malikdirlər".
Millət vəkili onu da əlavə etdi ki, strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq, o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz. Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da.
Günel CƏLİLOVA