Azərbaycandan, ənənəvi olaraq, əmək miqrasiyasının ən yayılmış istiqamətlərindən biri Rusiyadır. Ölkədə bir çox ailənin əsas gəlir mənbəyi məhz Rusiyadan göndərilən pullardır. Ukraynaya hücumundan sonra məruz qaldığı sanksiyalar Rusiya iqtisadiyyatını ciddi zərərlərə uğratdı.
Bu durum, təbii ki, orada çalışan Azərbaycan vətəndaşlarına da təsirsiz ötüşmür. Nəzərə almaq lazımdır ki, iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı, sanksiyalar və rus rublunun dəyərsizləşməsi Rusiyada işsizlərin artmasına təsir edib. Çünki bir sıra xarici şirkətlər ölkəni tərk edib. Sanksiyalar səbəbindən müəyyən şirkətlər ya fəaliyyətini dayandırıb, ya da başqa ölkəyə biznesini köçürüb.
Ancaq bütün bu iqtisadi sıxıntılara rəğmən maraqlıdır ki, Ukraynada müharibə başlayandan sonra Rusiyadan Azərbaycana pul köçürmələri azalmaq əvəzinə, tam tərsinə artıb. Mərkəzi Bankının ölkəyə göndərilən pul köçürmələri ilə bağlı hesabatından məlum olur ki, 2022-ci ildə Rusiyadan Azərbaycana göndərilən belə köçürmələrin həcmində rekord artım qeydə alınıb. Məsələn, ötən ilin ilk yarısında Rusiyadan Azərbaycana 261 milyon dollar vəsait köçürülmüşdüsə, bu ilin ilk altı ayında isə həmin göstərici düz 1 milyard 283 milyon dollara yüksəlib. Nəticədə, Rusiyadan Azərbaycana göndərilən pulun həcmi ötən illə müqayisədə beş dəfə artıb. Bu da, kifayət qədər böyük vəsaitdir.
Maraqlıdır, Rusiyadan Azərbaycana pul köçürmələrinin kəskin artması nə ilə bağlıdır?
Fuad İbrahimov: “Rusiyada güclü kapital axını problemi var və bu biznesin çökməsi ilə bağlıdır”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov Rusiyadan Azərbaycana pul köçürmələrinin artmasını bir sıra amillərlə əlaqələndirdi: “Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin statusu dəyişib. Ötən ilki vəziyyət Rusiyada işləyən soydaşlarımızın Azərbaycana pul göndərməsini əhatə edir. Yəni, orada işləyənlər qohumlarına, yaxınlarına pul göndərirdilər. Bu dinamika da müəyyən dəhliz çərçivəsində davam edirdi. Ancaq Rusiyanın fevralın 24-də Ukraynaya hücumundan sonra başlanan hadisələr digər məsələni stimullaşdırmağa başladı. Məsələ ondadır ki, Rusiyada güclü kapital axını problemi var və bu biznesin çökməsi ilə bağlıdır. İş adamları müxtəlif vasitələrlə vəsaitləri ölkədən çıxarır. Onların içində azərbaycanlılar da var ki, vəsaitlərini ölkədən çıxarırlar. Soydaşlarımız müxtəlif yollarla vəsaitləri Azərbaycana göndərir. O üzdən, Azərbaycana pul köçürmələrin kəskin artması əsasən bununla bağlıdır. Soydaşlarımız öz bizneslərini ölkəmizə köçürürlər. Eləsi var ki, əmlakını satıb pula çevirir və sonra Azərbaycana göndərir. Üstəlik, rus işgüzar dairələrin də bizneslərini Azərbaycana köçürməsi pul köçürmələrinin artmasına təsir edir. Hələ bu, rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlərə görə, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi qat-qat böyükdür. Nəzərə almaq lazımdır ki, maliyyə dünyasında dolayı yollarla pul köçürmələri mümkündür”.
Ekspert onu da əlavə etdi ki, Rusiyadan ölkəmizə pul köçürmələri artan xətt üzrə davam redəcək.
Vidadi ORDAHALLI