“Gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması planlaşdırılır”. Bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində müzakirə olunub.
Qeyd edilib ki, 2022-ci ilin sonlarına qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır. Bu isə demək olar ki, əmək haqqının böyük bir qisminin vergidən azad olunması deməkdir.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, şəhidlər və qazilər öz canları və qanları bahasına Azərbaycan xalqına böyük qələbə sevinci yaşadıblar: “Şəhidlərimiz və qazilərimiz Vətən müharibəsində əfsanəvi qəhrəmanlıqlar göstərdilər, dünya hərb tarixində yeni bir səhifə açdılar. Onların bu şücaəti nəticəsidə 30 il işğal altında olan torpaqlarımız azad olundu və ərazi bütövlüyümüzün bərpa edildi. Azərbaycan dövləti və xalqı hər zaman öz şəhidinin xatirəsini əziz və uca tutur, şəhid ailələrinin və qazilərin qayğısına qalır”.
Birlik sədrinin sözlərinə görə, vergi güzəştlərinin və dövlətin sosial siyasətinin həssas qrupların maddi ehtiyaclarını nəzərdə tutmaqla yanaşı, eyni zamanda böyük mənəvi əhəmiyyət daşıyır: “Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur”.
F.Hacıbəyli bildirdi ki, vergi güzəşti şəhid ailələrinin sosial təminatının gücləndirilməsi baxımdan vacibdir: “2023-cü ildə 898 manat olması planlaşdırılır. Beləliklə şəhid ailələri və onların övladları, valideynlərinin böyük bir qisminin əməkhaqqısı vergidən azad olunacaq”.
Günel CƏLİLOV