Azərbaycan Mərkəzi Bankı milli reytinq agentliyinin yaradılması imkanlarını nəzərdən keçirir. Mərkəzi Bankın sədri Taleh Kazımov bu günlərdə çıxışı zamanı bildirib ki, agentliyin yaradılması ilə bağlı məsələ hazırda araşdırma fazasındadır.
O, qeyd edib ki, Mərkəzi Bank tərəfindən beynəlxalq maliyyə qurumları ilə birgə bu agentliyin strategiyası, həmin strategiyanın həm kapital bazarına, həm də iqtisadiyyatın inkişafına necə təsir edəcəyi araşdırılır. Agentliklə bağlı qərar 2023-cü ilin birinci rübündə açıqlanacaq.
Mütəxəssislərin fikrincə, milli reytinq agentliyinin yaradılması təşəbbüsü müsbət qiymətləndirilməlidir. Ölkəmizdə yerli, belə bir agentliyin olması və fəaliyyət göstərməsi yaxşı olardı.
Maraqlıdır, milli reytinq agentliyi Azərbaycanın bank sektoruna necə təsir edəcək? Bank sektorunda yaşanan problemlərin həllində nə kimi rol oynayacaq?
“Yerli reytinq agentliyinin yaradılması hökumət qurumları ilə müvafiq iqtisadi subyektlər arasında münasibətlər üçün önəmlidir”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, reytinq qurumları bankları, şirkətləri risk dərəcələrinə görə kateqoriyalara bölür. Onların verdiyi reytinq balı əsasında hər hansı bir şirkətin aktivləri, xarici valyuta mövqeyi, ödəniş qabiliyyəti üçün risk dərəcəsi bəlli olur: “Reytinq agentlikləri bankların və ya iri korporasiyaların ödəmə qabiliyyətinin, borc öhdəliklərinin, korporativ idarəetmənin keyfiyyətinin, aktivlərin idarə edilməsinin keyfiyyətinin və s. nüansların qiymətləndirməsini həyata keçirən kommersiya qurumudur. Ümumiyyətlə, reytinq agentliklərinin ən populyar məhsulu – kredit reytinqləridir. Bu reytinq özündə borc öhdəliyi ilə əlaqədar ödəməmə riskini əks etdirir və faiz dərəcələrinin həcminə, borc öhdəliklərinin dəyərinə və gəlirliyinə də təsir edir”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycanda fəaliyyət göstərən banklar və beynəlxalq aləmdə əməliyyatları olan böyük şirkətlərin maliyyə mütəxəssisləri tərəfindən dünyanın aparıcı reytinq təşkilatlarının fəaliyyəti yaxından izlənilir. Yerli reytinq agentliyinin yaradılması həm də ona görə böyük əhəmiyyət kəsb edir ki, bu bir növ hökümət qurumları ilə müvafiq iqtisadi subyektlər arasında münasibətlər üçün önəmlidir: “Yerli reytinq agentliyinin yaradılması çox əhəmiyyətlidir”.
Günel CƏLİLOVA