Azərbaycanda gələn il pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq. Bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.
Qeyd edilib ki, növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub. Bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.
“Pensiyaçılar üçün yaşayış minimumunun artırılması sosial dəstək paketləri qəbul olunan zaman minimum aylıq əmək pensiyasının məbləğinin artmasına da öz müsbət təsirini göstərəcək”
Pensiyaçılar üçün yaşayış minimumunun 199 manat olmasının əhəmiyyəti haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü, millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda 2023-cü ildə pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq. Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub. Bu da minimum pensiya göstəricinin 82,9%-i həcmində olmaqla pensiya həddinə yaxınlaşma deməkdir: “Hökumət hazırda çalışır ki, minimum pensiya ilə yaşayış minumum arasındakı fərqi tamamilə bağlasın. Necə ki, gələn ildən etibarən yaşayış minimumu və ehtiyac meyarının məbləği eyni həcmdə olmaqla bərabərləşəcək. “2023-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsinə əsasən, növbəti ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% artaraq 246 manat təşkil edəcək. Bu o deməkdir ki, hökumətin hədəf seçdiyi sosial meyarların müasir yaşayış normalarına çatdırılması istiqamətində əhəmiyyətli addımlar atılır”. Millət vəkilinin sözlərinə görə, son illərdə aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addımlar atılır. Bir müddət əvvəl “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edildi və bütün əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Bu istiqamətdə digər sosial xarakterli layihələrin icrası davam etdirilir ki, bunlardan biri də minimum pensiyaların normal həyat şəraitinə uyğunlaşdırılmasından ibarətdir. Ona görə də, pensiyaçılar üçün yaşayış minimumunun artırılması sosial dəstək paketləri qəbul olunan zaman minimum aylıq əmək pensiyasının məbləğinin artmasına da özü müsbət təsirini göstərəcək. Bu isə on minlərlə pensiyaçının əhatə olunması deməkdir.
Günel CƏLİLOVA