Ölkə ərazisində satılan unun qiyməti ucuzlaşıb. Unun bütün növlərinin qiymətində bir ay əvvəlki ilə müqayisədə 1 manata qədər ucuzlaşma müşahidə olunur.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və un məmulatlarının qiyməti sentyabr ayında əvvəlki aylarla müqayisədə 4,8 faiz artıb. Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdə olub.
Maraqlıdır, görəsən, bu vəziyyət - yəni unun ucuzlaşması çörəyin qiymətinə də təsir edəcəkmi?
Ekspertlər isə hesab edirlər ki, proseslər belə davam edərsə, qiymət azalması çörək, həmçinin digər un məmulatlarına da təsir edəcək.
“Unun qiymətinin ucuzlaşması prosesi davam edə bilər, təbii ki, bu hal çörəyin qiymətinə də təsir edə bilər”
Iqtisadçı ekspert Xalid Kərimli bizimlə söhbətində bildirdi ki, son bir neçə aydır ki, dünyada taxılın qiyməti ucuzlaşıb. Xüsusəndə, Türkiyə vasitəsilə Ukrayna taxılı dünya bazarına çıxış imkanı əldə etdi. Bu hal taxıl qıtlığı, qiymətin artacağı ilə narahatlığı aradan qaldırdı. Bu səbəbdən də taxılın qiymətində eniş yaşanır: “Dünya bazarında taxılın qiyməti artıq neçə aydır ki, ucuzlaşıb. Bu hal Azərbaycan bazarına bir neçə ay sonra təsir etdi. Hazırda Azərbaycan bazarında unun qiyməti ucuzlaşıb. Qiymətin ucuzlaşması istər-istəməz çörək və çörək məmulatlarının qiymətinə təsir etməlidir. Ancaq çörəyin qiyməti birbaşa olaraq bazar şərtləri ilə uyğundur. Düzdür, çörəyin qiyməti bazar tərəfdən müəyyən olunsa da, dövlət tərəfindən bu sahəyə nəzarət olunur. Zamanla, un istehsalçıları hökumətə qiymət artımı ilə bağlı müraciət ediblər. Ancaq onların müraciətinə müsbət cavab verilməyib. Yəni dövlət bazara müdaxilə edib, qiymətləri tənzimləyir”.
Həmsöhbətimiz hesab edir ki, gələcəkdə unun qiymətində bahalaşma olmazsa bu hal çörəyin qiymətinə təsir edə bilər: “Onu da deyim ki, dünyada taxılla bağlı yaşanan narahatlıq dövrü artıq bitib. Taxıl qıtlığı olmayacaq. Bu səbəbdən də unun qiymətinin ucuzlaşması prosesi davam edə bilər. Təbii ki, bu hal çörəyin qiymətinə də təsir edə bilər”.
Günel CƏLİLOVA