“Biz bir çox infrastruktur obyektlərini tikirik. Lakin onların idarə edilməsini səmərəli həyata keçirə bilmirik”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, özəl investor maraqlı olur ki, işin keyfiyyətli təşkil edilməsi ilə gəlirlərini artırsın: “Prezidentin fərmanı ilə yaradılmış İnvestisiya Fonduna daxil olan dövlət müəssilərinə baxsaq görərik ki, illərdir səmərəsiz idarə edilib. Bu sahəyə özəl sektoru cəlb edərək ölkə iqtisadiyyatında məhsuldarlığı artıra bilərik”.
Maraqlıdır, Azərbaycanda bir çox infrastruktur layihəsinin idarəedilməsində nə kimi problemlər var?
“Azad iqtisadi zonalarda yaradılan infrastruktur layihələrinin effektivliyi yüksək səviyyədə deyil, bu səbəbdən də…”
Iqtisadçı ekspert Natiq Cəfərli bizimlə söhbətində qeyd etdi ki, dövlətin yol və kommunal infrastrukturu çəkmək kimi öhdəliyi var. Onların idarə edilməsi elə dövlətin nəzarətində olur. Ancaq bəzi infrastruktur layihələri həyata keçirilərkən o özəl sektora həvalə olunur: “Çox güman ki, İqtisadiyyat naziri də bunu nəzərdə tutur. Məsələn, elektrik enerjisi, suyun paylanılması kimi layihələri özəl sektora həvalə olunarsa effektivlik artar. Danılmaz faktdır ki, bu gün əksər investisiya layihələrinin həyata keçirilməsində müəyyən problemlər yaşanır. Belə ki, azad iqtisadi zonalarda yaradılan infrastruktur layihələrinin effektivliyi yüksək səviyyədə deyil. Bu səbəbdən də “tik işlət” prinsipi ilə deyil “tik dövr et” devizi ilə layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olar. Məsələn, böyük investisiya layihələrində dövlət iştirak edir, ancaq sonradan idarəetməni özəl sektora həvalə edir. Bu qayda dünyada geniş yayılıb və müsbət nəticə də əldə olunub. Eyni qayda bizdə də tətbiq olunarsa investisiya sahəsində inkişaf əldə olunar”.
Günel CƏLİLOVA