Artıq Türkmənistan da Transxəzər qaz kəmərinin tikintisinə təşəbbüs göstərməyə başladı. Belə ki, Tükmənistanın paytaxtı Aşqabadda “Türkmənistan neft və qazı - 2022” beynəlxalq sərgi və konfrans açılıb.
“Trans Caspian Resources, Inc”şirkəti Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik Transxəzər qaz kəməri ideyasını təqdim edib. “Trans Caspian Resources, Inc”in məşvərət komitəsinin direktoru Natali Kostello bildirib ki, ideya Türkmənistanın mövcud dəniz platformalarının Azərbaycandakı eyni platformalarla birləşdirilməsindən ibarətdir: “İldə 10-12 milyard kubmetr buraxılış gücündə olan bu qaz kəməri Türkmənistanda hasil edilən qazı Cənub Qaz Daz dəhlizilə birləşdirəcək”.
Öz növbəsində, “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Batır Amanov bəyan edib ki, Türkmənistan Avropaya qaz nəql etmək istəyir.
Məlumat üçün qeyd edək ki, bütün Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş Xəzərin statusu haqqında Konvensiyaya əsasən, sahilyanı ölkələr arasında boru kəmərinin çəkilişi onların özlərilə razılaşdırılır. Boru kəməri yüksək ekoloji standartlara cavab verməlidir. Türkmənistanda təkcə kəşf edilmiş təbii qaz ehtiyatları 16 trilyon kubmetrdir. Bu da kifayət qədər böyük potensialdır. Görünən odur ki, Türkmənistan Transxəzər vasitəsilə türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı artıq praktiki fəaliyyətə başlayır. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Bu, həm də Cənub Qaz Dəhlizi vasitəsilə daha çox qazın ixrac olunması, dəhlizin rentabelliyinin artması deməkdir”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov Türkmənistanın Transxəzərlə bağlı təşəbbüslərinə müsbət prizmadan yanaşdı: “Türkmənistan öz mavi qazını şaxələndirmək istəyən ölkədir. Türkmənistan üçün bir neçə istiqamətdə mavi qazın nəql edilməsi həm də bütövlükdə ölkənin gəlirlərinin artması baxımından böyük əhəmiyyət kəsb edir. Bu, həm də Cənub Qaz Dəhlizi vasitəsilə daha çox qazın ixrac olunması deməkdir. Nəticədə dəhlizin rentabelliyi artacaq. Bu isə daha qısa zamanda mənfəət əldə edilməsinə imkan yaradacaq. Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizinin bütövlükdə ötürmə qabiliyyəti 31 milyard kubmetr olacaq. Bu, Avropaya 20 milyard kubmetr qaz ötürməyə imkan verəcək. Eyni zamanda, TANAP vasitəsilə Türkiyəyə mavi qazın ixracı reallaşacaq. O baxımdan Cənub Qaz Dəhlzi praktiki olaraq böyük ixrac imkanlarına malik olduğuna görə, Türkmənistan qazının bu dəhliz vasitəsi ilə ixracında problem olmayacaq. Lazım gələrsə, dəhlizin ixrac imkanları daha da artırılacaq. Türkmən qazının Transxəzər vasitəsi ilə ötürülməsi Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda dəhlizin ötürmə qabiliyyətinin daha qısa zamanda artırılmasına imkan verməklə, ümumilikdə Azərbaycanın valyuta gəlirlərinin artmasına xüsusi töhvə verəcək. Çünki nəticədə Azərbaycan tranzit ölkəsi olaraq həm də Cənub Qaz Dəhlizinin təşəbbüskarı olaraq valyuta gəlirləri əldə etmək imkanı qazanacaq. Bütün bunlar həm də Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək”.
Bir sözlə, millət vəkili məlum təşəbbüsün hər iki ölkənin xeyrinə olacağı qənaətindədir.
Vidadi ORDAHALLI