Məlum olduğu kimi, noyabrın 1-də bir çox sahələrdə dövlət rüsumunun dərəcələri artırıldı. Dövlət rüsumlarının artırılması ilə bağlı hökumətin parlamentə verdiyi təkliflər son günlər müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimai şəxslər bunun əsaslandırılmasını istəyiblər. Rüsumların artırılması ilə bağlı açıqlama verən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, səbəblərdən biri də kağızın qiymətinin artmasıdır.
Qeyd edək ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayırılıb. Maraqlıdır, belə olan halda elektron hökumətə ayrılan vəsaitin nəticəsi necə oldu? O zaman belə aydın olur ki, elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb.
“Elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayrıldığı halda kağızın bahalaşmasına görə dövlət rüsumlarının artırılması düzgün deyil”
Mövzu ilə bağlı fikir bildirən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirdi ki, elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayrıldığı halda kağızın bahalaşmasına görə dövlət rüsumlarını artırılması düzgün deyil: “Dövlət rüsumlarının artırılması səbəbini izah edən nazir müavini Azər Bayramov bunu son 10-15 ildə kağız qiymətinin və çap xərclərinin artması ilə əsaslandırıb. Hörmətli nazir müavininin diqqətinə çatdırıram ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayrılıb. Bəs bunun nəticələri necə oldu, məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı… Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma əsasında xərclər azalır. İndi biz kimə inanaq? Anlaşılmazdır ki, əgər kağızın üzərində siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayrımaq nəyə lazım idi. Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb, ya da hökumət təmsilçisi yalan danışır”.
Günel CƏLİLOVA