Nazir qalib idmançılara verilən pul mükafatının məbləğinə də aydınlıq gətirdi
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bilet satışından 3 milyon manata yaxın gəlir əldə olunduğunu bildirib: "Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".
“IV İslam Həmrəyliyi Oyunları Rio de Janeyro oyunlarından daha yüksək səviyyədə keçirildi”. Bunu da A.Rəhimov deyib.
Nazir qeyd edib: "Azərbaycan idmançıları çox gözəl çıxış etdi. Oyunlarda peşəkar idmançılar iştirak edirdi. Bizim idmançılarımız da gərgin mübarizə apardı və birinci yerə sahib oldu. Təhlükəsizlik, nəqliyyat baxımından hər şey yüksək səviyyədə təşkil olundu, qonaqlar da razı qaldı".
A.Rəhimov qeyd edib ki, 16 idman obyektində yarışlar heç bir problem olmadan keçirilib: "3 minə yaxın idmançı, minə yaxın nümayəndə və minə yaxın texniki heyət Oyunlarda iştirak edirdi. Açılış və bağlanış mərasimləri də yüksək səviyyədə keçirildi. Oyunlar sanki bir bayram təəssüratı yaratdı, hər kəs bu Oyunları çox böyük maraqla izlədi. İdmançılar da təşçilatçılıqdan, onlar üçün yaradılan şəraitdən çox razı qalıb. IV İslam Həmrəyliyi Oyunları Rio-de-Janeyrodakı Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirildi".
“İslam Həmrəyliyi Oyunlarında əldə olunan nailiyyət Avropa Oyunlarının nailiyyətlərinə bərabər qiymətləndirildi və mükafatın məbləği müəyyən edildi” deyə nazir bildirib.
Nazir qalib idmançılara verilən pul mükafatının məbləğinə də aydınlıq gətirib. O qeyd edib ki, bu məbləğ təhlillər əsasında müəyyən edilib: “İdmançılarımız birinci il deyil ki, mükafatlar alırlar. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qalib olmuş idmançılara mükafatlar verilir. İslam Həmrəyliyi Oyunlarını Avropa Oyunları kimi qiymətləndirdik. İştirak edən ölkələrin, idmaçıların, idman növlərinin sayı nəzərə alınaraq İslam Həmrəyliyi Oyunlarında əldə olunan nailiyyət Avropa Oyunlarının nailiyyətlərinə bərarbər qiymətləndirildi və mükafatın məbləği müəyyən edildi".
A.Rəhimov bildirib ki, idman federasiyaları da qalib idmançılara mükafatlar verəcək.